Gənclər Prezidentin ətrafında sıx birləşib ŞƏRH

3 Fevral 2023 11:19 (UTC+04:00)

Azərbaycanda sistemli gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. O, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Məhz buna görə də, Azərbaycan gəncliyi hələ Sovet dövründən bəri Ulu Öndərin qayğısını, diqqətini hər zaman hiss edib. Gənclərin hər il fevralın 2-də qeyd etdiyi bayramı da məhz ümummilli lider tərəfindən təsis edilib. Heydər Əliyev 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-cı il fevralın 2-də birinci Gənclər Forumu baş tutdu. 1997-ci ildə onun imzaladığı müvafiq Sərəncamla isə Azərbaycan Gənclərinin Forumunun keçirildiyi həmin tarix - 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı.

Ulu öndər gənclərə müraciət edərək deyirdi ki, əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaq. Eyni zamanda vurğulamışdı ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.

Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini uğurlar davam etdirən Prezident İlham Əliyevin mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Ölkə başçısının təşəbbüsü ilə 2007-ci il “Gənclər ili” elan olunub. Bununla bağlı imzalanmış müvafiq sərəncamdan irəli gələrək, planlaşdırılan və həmin il keçirilən tədbirlər gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə gətirib çıxardı. Prezidentin müvafiq tapşırığı ilə mütəmadi davam etdirilən xaricdə təhsil üzrə dövlət proqramları sayəsində isə minlərlə Azərbaycan gənci müxtəlif xarici ölkələrdə təhsil alıb, fərqli sahələrdə bilik və bacarıqlarını artırıblar. Həmin gənclərin mütləq əksəriyyəti təhsilini bitirdikdən sonra ölkəmizə qayıdaraq, burada müvafiq sahələrdə çalışıb, öz bilik və bacarıqlarını, xaricdə öyrəndikləri təcrübəni tətbiq etməyə çalışıblar. Ölkə başçısının gənclərə dəstəklə əlaqədar mühüm və əlamətdar qərarlarından biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi idi. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.

2018-ci ilin noyabr ayında isə Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradıldı. Prezident İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Hazırda respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycan gəncliyi onlara göstərilən dəstəyi, inam və etimadı xüsusilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək doğrultdu. Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışıb, onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirib.

Gənclərimizin bundan sonra da Prezident İlham Əliyevin ətrafında daha sıx birləşib, Azərbaycanın gələcəyi, uğurlu inkişafı üçün çalışacağına, bütün dünyada ölkəmizi müsbət tanıdacağına inanırıq. Biz cənab prezidentin etimadını və inamını doğrultmaq, xalqımızın və ölkəmizin adını daim zirvələrə qaldırmaq üçün əlimizdən gələni edəcəyik!

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini