"Təlimin keçirildiyi ərazi təsadüfən seçilməyib" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

3 Fevral 2023 10:43 (UTC+04:00)

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Qış təlimi - 2023" beynəlxalq təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib. "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə həmçinin Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze də iştirak edib. SİA mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu təlimlər kifayət qədər sərt iqlim şəraitinə malik Qars ərazisində keçirilir: “Temperatur bəzən mənfi 10-15 dərəcəyə çatır. Belə bir ərazidə təlimlərin keçirilməsi xüsusi hazırlıqlar və peşəkar yanaşmalar tələb edir.

Bu təlimlər bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan digər müttəfiqlər ilə bərabər silahlanmasında olan müasir avadanlıq və peşəkar heyət ilə birlikdə istənilən ərazidə yerdə, quruda və dənizdə istənilən vəzifələri yerinə yetirməyə hazırdılar”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Azərbaycan Respublikasının müdafiə nazirinin də bu təlimləri izləmək üçün qardaş ölkəyə getməsi bir daha Azərbaycanın keçirilən təlimlərə nə qədər böyük əhəmiyyət verdiyini göstərir.

Təlimin keçirildiyi ərazi də təsadüfən seçilməyib. Bilirik ki, Türkiyə təxminən 100 ildən bir az artıq bir müddət əvvəl həmin Qarsda və Sarıqamışda məhz sərt soyuq iqlim səbəbindən kifayət qədər böyük itkilərə məruz qalmışdır. Bu təlimlər isə Türkiyənin, Azərbaycanın və digər ölkələrin artıq istənilən ərazidə, istənilən iqlim şəraitində müxtəlif vəzifələri gecə və gündüz yerinə yetirməyə hazır olduğunu nümayiş etdirdi”.

Ayşən Vəli