Azərbaycana və Türkiyəyə düşmənçilik İranı faciələrə aparır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

3 Fevral 2023 10:33 (UTC+04:00)

"İran İslam Respublikası uzun illərdir ki, Azərbaycana və Türkiyəyə düşmən mövqeyi nümayiş etdirir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri diqqətə çatdırıb ki, bu, Türkiyə və Azərbaycana əbədi düşmən kəsilən, bu dövlətlərə torpaq iddiasında olan Ermənistana dostluq, qardaşlıq münasibətlərində özünü aydın göstərir.

“İran Azərbaycan-Ermənistan münaqişəsi başlanan ilk gündən Ermənistanın yanında olduğunu açıq-aşkar bildirmiş, birinci və ikinci Qarabağ müharibəsində, istərsə də torpaqlarımız işğal altında olduğu 30 ildə və bu gün də Ermənistana maddi və mənəvi dəstək verməkdə davam edir. O təcavüzkarları silahlandırır, faşistləri yanacaq və ərzaqla təmin edir, dövlətimizə təsir və düşməni yararlandırmaq məqsədi ilə sərhədlərimizdə hərbi təlimlər keçirir, ölkəmizə qarşı şər-böhtan kampaniyalarına rəvac verir.

Son hadisə, daha dəqiq desək, Azərbaycanın Tehrandakı səfirliyinə hücum, bir nəfərin qətlə yetirilməsi, 2 nəfərin yaralanması və bu terror aktına İran İslam Respublikasının rəhbərləri tərəfindən ciddi əks-səda verilməməsi göstərdi ki, özlərini bizə din qardaşları kimi təqdim edənlər, əslində, dost deyil, əsl düşmənlərdir. Səfirliyimizə silahlı hücum beynəlxalq hüquq normalarının ciddi pozulmasıdır və ən qatı, düşünülmüş, yalnız bir nəfərin deyil, bir neçə nəfərin iştirakı ilə təşkil olunmuş terror hadisəsidir. İran polisinin silahlı qatilə heç bir müqavimət göstərməməsi, onun rahat silahlı halda səfirliyə hücum etməsinə şərait yaratması, qatilin həbs edilmədən iranlı jurnalistlərə müsahibə verməsi, hadisənin ailə zəminində törədilməsinin iddia edilməsi terrorun planlı şəkildə törədilməsini göstərir.

Bir vaxtlar Londonda da səfirliyimizə hücum təşkil edilmişdi və bu hadisədə də İranla əlaqəli şəxslərin iştirakının olduğu təsdiqlənmişdi. Bu iki fakt sözsüz ki, Azərbaycana qarşı düşmənçiliyin ifadəsidir və inkar edilə bilməz. Azərbaycanın İranla bağlı mövqeyi dəyişməyəcək. Biz haqsızlıqla, cənub qonşumuzun düşmənçiliyi ilə barışmayacağıq və tələblərimizdə qətiyyətliyik. Rəsmi Tehran öz siyasi gedişlərinə düzəliş etməsə, gələcəkdə gərginlik dərinləşə, diplomatik əlaqələr tamamilə qırıla bilər.

Bu gün İranın hakim dairələri çıxılmaz vəziyyətdədir. Ölkədə hökm sürən uzun müddətli nümayişlər, insanların qətlə yetirilməsi, həbs edilməsi, digər tərəfdən baş verən zəlzələlər ölkədə xaos vəziyyəti yaradıbdır. Dünya ölkələrinin əksəriyyəti İranın yürütdüyü çirkin siyasətin əleyhinə olsa da, ölkənin rəhbərləri bəşərə zidd əməllərindən əl çəkmirlər. Xoyda əziyyət çəkən soydaşlarımıza Türkiyə tərəfindən edilən yardımdan imtina edən İranın hərəkətləri düşmənçiliyinin, öz xalqına xəyanətin bariz nümunəsidir. Ancaq belə çirkin nümunələr, Azərbaycana və Türkiyəyə düşmən mövqedə durmaq İrana yaxşı heç nə vəd etmir, bu dövləti faciələrə və dağılmağa doğru aparır. İran bu barədə ciddi düşünməlidir”, deyə Tahir Rzayev bildirib.