Səudiyyə Ərəbistanı ilə Fransa arasında anlaşma memorandumu imzalanıb

3 Fevral 2023 06:14 (UTC+04:00)

Səudiyyə Ərəbistanı və Fransa enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar. SİA-nın xarici KİV-ə istinadən məlumatına görə, ölkənin rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman paytaxt Ər-Riyadda Fransa xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb.

Bin Selman və Kolonna enerji sahəsində müxtəlif imkanları, o cümlədən atom enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, bərpa olunan enerji və təmiz hidrogen kimi mövzularda əməkdaşlıq məsələlərini müzakirə ediblər. İki tərəfin enerji sektorunda əməkdaşlıq çərçivəsinin yaradılması üçün anlaşma memorandumu imzaladığına diqqət çəkən xəbərdə, sözügedən memorandumun elektrik enerjisi, bərpa olunan enerji və enerjinin saxlanması sahələrində əməkdaşlığı əhatə etdiyi bildirilib. Vurğulanıb ki, anlaşma memorandumuna neft-qaz, o cümlədən neft emalı, neft-kimya, distribüterlik, marketinq və iqlim dəyişikliyi ilə mübarizə sahələrində əməkdaşlığın gücləndirilməsi də daxildir. Kolonna Səudiyyə Ərəbistanındakı təmasları çərçivəsində vəliəhd şahzadə Məhəmməd bin Salman ilə ikitərəfli əlaqələri, regional və beynəlxalq hadisələri müzakirə edib. "France 24" kanalının xəbərində Kolonnanın Səudiyyə Ərəbistanına ilk körfəz səfərində İranın nüvə problemi, Livan və Fələstindəki vəziyyətlə bağlı məsələlərin müzakirə ediləcəyi bildirilib.