BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

2 Fevral 2023 21:33 (UTC+04:00)

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, BDU-dan bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Gəncləri Günü 26 il bundan öncə Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla təsis edilib. Məhz Ümummilli Liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin mükəmməl qanunvericilik bazası yaradılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Hazırda Ulu Öndər Heydər Əliyevin ləyaqətli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə gənclər siyasəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclər hər bir dövlətdə insan kapitalının mühüm və ayrılmaz tərkib hissəsidir. 104 yaşlı Bakı Dövlət Universiteti də dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinin gerçəkləşməsinə, könüllülük fəaliyyətinin genişlənməsinə öz töhfələrini verir. Ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. BDU-da tələbələrin elmi potensialının üzə çıxarılması istiqamətində yüksək nailiyyətlər əldə edən Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, müxtəlif tələbə gənclər təşkilatları fəaliyyət göstərir.

Elçin Babayev Zəfər salnaməsini yazan Azərbaycan gənclərinin xoşbəxt olduqlarını bildirib: “Azərbaycan gəncləri qalib ordunun əsgərləri, azad Qarabağda quruculuq işlərində çalışan fədakar insanlardır. Azərbaycan gəncləri Xankəndi-Şuşa yolunda gecə-gündüz keşikdə dayanan qeyrətli oğul və qızlarımız, dövlətimizin bircə qarış torpağı uğrunda göz qırpmadan canını fəda etməyə hazır olan insanlardır”.

Milli Məclisin üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru Emin Hacıyev ölkə əhalisinin 26 faizini gənclərin təşkil etdiyini və onların bütün strukturlarda fəal təmsil olunduqlarını bildirib. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə, İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Sərxan Veysəlli, Coğrafiya fakültəsinin müəllimi Eltac Cəbiyev, “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova, Biologiya fakültəsinin IV kurs tələbəsi, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin üzvü Elnur İmaməliyev, Hüquq fakültəsinin I kurs tələbəsi, Prezident təqaüdçüsü Nəzrin Sadıqova çıxışlarında Azərbaycan gənclərinin müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.

Tədbirdə BDU-nun 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.

Daha sonra tədris göstəricilərinə görə fərqlənən 13, BDU-nun ictimai həyatında fəal iştirak edən 25 tələbəyə təşəkkürnamələr təqdim olunub.

Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.