Gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti

2 Fevral 2023 20:17 (UTC+04:00)

Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Xalqımız Azərbaycanı “gənclər ölkəsi”, gəncləri isə “Azərbaycanın gələcəyi” adlandıran Ulu Öndər Heydər Əliyevə borcludur. Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər siyasətinin institutlaşdırılması məqsədilə Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı əsasında Gənclər və İdman Nazirliyi yaradıldı. O dahi şəxsiyyət hər dəfə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir.1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Liderin gənc nəslə göstərdiyi diqqət zaman keçdikcə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Deputat qeyd edib ki, hələ ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində mövcud olmuş bir çox ənənələr kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3 mindən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi.

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu, böyük xoşbəxtlikdir ki, indiki gənclər müstəqillik dövründə yaşayır, formalaşırlar. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət etibarilə və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Dövlətimizin başçısı gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin təzahürü kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Ölkə başçısı 2007-ci ili “Gənclər İli”, 2020-ci ili “Könüllülər İli” elan etmişdir. Bu mühüm təşəbbüslər gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarının təbliğ etməsinə səbəb olmuşdur.

“Bu gün qürurla qeyd edirik ki, bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərirlər. Tarixi missiyanı həyata keçirən rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər. Təbii ki, bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi”, - deyə deputat qeyd edib.

H.Hüseynova qeyd edib ki, Azərbaycan gənci artıq iki aya yaxın müddətdir havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” şüarları ilə milli maraqlarımızı müdafiə edir, bununla yanaşı, Azərbaycanın haqq səsini dünyaya çatdırır. Bəli, bu gün gənclərimiz milli və dövlət maraqları məsələsində birləşməyi də, mübarizə aparmağı da bacarır. Erməni separatçılar və onlara havadarlıq edənlərin qarşısında öz sərvətinə, torpağına, Vətəninə sahib çıxmağı bacaran Azərbaycan gəncləri var

Ötən müddət ərzində dövlət başçısı İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən çox mühüm Dövlət proqramları təsdiq edilib. Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlib. Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamla tələbə və doktorantların təqaüdlərinin artırılması gənclərə olan qayğının göstəricisidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Bu gün qürurla qeyd etmək olar ki, milli mənəvi dəyərlərimizi qoruyub yaşadan müasir Azərbaycan gəncləri müstəqil dövlətimizin bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını nümayiş etdirirlər.

Gənclər Günü münasibətilə ölkə gəncliyini, xalqımıza dünya miqyasında üz ağlığı gətirən idmançılarımızı, yaradıcı gənclərimizi, xüsusən, milyonlarla soydaşımızı sevindirən Vətən qarısında misilsiz xidmətlər göstərmiş Azərbaycan Ordusunun əsgərlərini təbrik edirik! Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.

Haqlı olaraq Azərbaycan gənci fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.