“Gənclərimiz Azərbaycan tarixinə silinməz iz qoydular” - QHT SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

2 Fevral 2023 17:59 (UTC+04:00)

“Azərbaycan gənclərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilən ölkələrdən biridir. Elə Azərbaycanda gənclərlə bağlı xüsusi günün olması da bunun bariz nümunəsidir. Məlum olduğu kimi Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib”.
Bu sözləri SİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi dövlət tərəfindən hər cür diqqətlə əhatə olunub: “Azərbaycanda uğurla reallaşdırılan gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət nəticəsində bu gün Azərbaycan gəncliyi dövlət idarəçiliyinin müxtəlif pillərində uğurla təmsil olunur. Gənclərin sağlam və bilikli böyüməsi, problemlərinin həlli, həmçinin onların vətənpərvər ruhda tərbiyə alması üçün bütün addımlar atılır, müvafiq dövlət proqramları qəbul edilir, dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanır. Ölkəmizdə gənclərlə bağlı siyasətin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da özünəməxsus rolu var. Təsadüfi deyil ki, məhz bu Fond tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır”.

N.Azəri qeyd edib ki, gənclər də onlara göstərilən diqqət və qayğıya layiq olma üçün daim ön sıralarda gedirlər: “Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində gənclərin rolu həlledici oldu. Tarixi Zəfərin əldə edilməsində misilsiz şücaət göstərən gənclərimiz Azərbaycan tarixinə silinməz iz qoydular. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Azərbaycan gəncləri vətən, ölkəmizin milli maraqları uğrunda mübarizəni bu gün də şərəflə davam etdirirlər. Bu gün Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçılarının böyük əksəriyyətini gənclərin təşkil etməsi də dediklərimizə növbəti sübutdur”.

Ayşən Vəli