"Tarif tənzimlənməsinə zərurət yaranmışdı" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

2 Fevral 2023 17:32 (UTC+04:00)

“Son illərdə dünya bazarlarında bir çox mal və xidmətlərin, o cümlədən sənaye malları və avadanlıqların, nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin artırılması baş verməkdədir. Bu proses Azərbaycanın nəqliyyat sektoruna da öz təsirlərini göstərməkdədir. Daşıyıcı şirkətlərin bu səbəbdən xərcləri son 2 ildə artıb, onların göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirləri öz cari xərclərini ödəmirdi. Sonuncu dəfə şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifləri 2018-ci ildə dəyişmişdi və ötən 5 ildə bu sahədə xərclərin yükəsləməsi həmin sahədə rentabelli fəaliyyətə mane olurdu. Faktiki olaraq daşıyıcı şirkətlər bir neçə ildir ki, ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artması sayəsində zərərlə işləyirdi, sərnişindaşımada maya dəyərinə ciddi təsirlər daşıyıcı şirkətlərin maliyyə vəziyyətini pisləşdirmişdi, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi üçün dayanıqlı resurslar yox idi. Yəni, tarif tənzimlənməsinə zərurət yaranmışdı. Tarif Şurası bu sahədə qiymət tənzimləməsinin qaçılmaz olduğunu nəzərə alaraq tariflərə dəyişiklik etdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcəkdir: “Yeni qiymətlərdən sonra daşıyıcı şirkətlərin xərcləri azalacaq və müəyyən qədər stimullar yaranacaq. Bununla yanaşı, hökumətin dotasiya təklifini nəzərdən keçirməsi də nəzərdə tutulub. Xüsusilə də bu qərarın əhalinin həssas sosial təbəqəsinə təsirlərinin azaldılması üçün müxtəlif səmərəlilik mexanizmləri üzrə yeni təkliflər də nəzərdə tutulub”.

Millət vəkili sözlərinə davam edərək bildirib ki, tarif artımı variantları nəzərdən keçirilərkən dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib: “Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılması qərara alınıb.

Yeni qiymət tariflərindən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Eləcə də şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub”.