İranda hökm sürən TƏHLÜKƏLİ VƏZİYYƏT - TƏHLİL

2 Fevral 2023 17:30 (UTC+04:00)

Dinc etirazlar heç də təhlükəli deyil, amma vay o gündən ki, həmin o dinc etirazlar öz xarakterini dəyişə, yəni daha dinc xarakterli olmaya. Belə olduğu zaman isə həmin etirazlar idarə olunacaq həddən çıxırlar və dövlət üçün belə bir hal arzuolunan deyil. Belə bir arzuolunmaz vəziyyətdə indi İran dövlətidir. Molla rejiminin idarə etdiyi dövlət nəinki artıq etirazların öhdəsindən gələ bilmir, hətta idarə edəcək vəziyyətdə də deyil və ona görə də bütün zorakılıqlara və qeyri-humanist, qanunsuz əməllərə al atır. Əslində bu, hal İran üçün çox təhlükəlidir və bu ölkədə artıq təhlükəli vəziyyət hökm sürür.

Vətəndaşlar öz problemlərini işıqlandırmaq istədikdə və bunu heç bir təzyiq olmadan etdikdə bu dinc etiraz aksiyası hesab olunur. Məsələn, bir qrup insan meydana toplaşıb dinc şəkildə aksiya keçirə və onlara aid olan problemləri səsləndirə bilərlər ki, burada qeyri-adi heç nə yoxdur. Əksinə, belə bir cəmiyyət demokratik cəmiyyət hesab olunur, təbii ki, əgər buna qarşı dövlət tərəfindən zorakılıq tətbiq olunmursa, insan haqlarının, söz azadlığının qarşısı alınmırsa. Sözsüz ki, İranda belə bir aksiyadan artıq danışmaq mümkün deyil. Ona görə ki, bu ölkədə səsini çıxaranın dərisini boğazından çıxarırlar. Bir sözlə, İranda dinc etiraz aksiyası barədə artıq söhbət ola bilməz. Bir ölkədə ki, baş örtüyünün yanlış şəkildə bağlanılmasına görə vətəndaş döyülə, həbs oluna, hətta güllələnə bilər, həmin ölkədə dinc etiraz aksiyası sözünü dilə gətirmək mümkündürmü? Əlbəttə ki, mümkün deyil və bu ölkə İrandır.

İran elə bir ölkədir ki, artıq ötən ilin sentyabr ayından orada etiraz aksiyaları səngimək bilmir və təlatümlər davam etməkdədir. Özü də həmin aksiyalar çoxdandır ki, kütləvi xarakter alıb. Bir müddət İranın hakimiyyəti həmin etiraz aksiyalarının öhdəsindən gələ bilirdisə, indi artıq bu mümkün deyil. Etirazlar idarəolunmaz hala gəlib çatıb və İran hökumətinin çarəsizliyi artıq göz önündədir. Məhz belə bir çarətsiz vəziyyətdə qalan molla rejiminin idarə etdiyi dövlət həmin o etiraz aksiyası iştirakçılarına divan tutmağı çıxış yolu hesab edir. Etiraz aksiyalarında iştirak etdiklərinə görə, artıq 500 nəfərə yaxın adam öldürülüb. Bəli, öldürülüb. Özü də amansızlıqla. Eyni zamanda, etirazçılardan 14 minə yaxını qanunsuz şəkildə həbs edilib və söz, ifadə azadlığı da, hüquqları da pozulub. Hətta həbs edilənlərdən bir neçəsi edam belə edilib və bu, həmin ölkə hakimiyyəti üçün məqbul sayılır. Buna nə ad vermək olar? Təkcə qanunsuzluqmu? Xeyr, bu, həm də vəhşilikdir.

Niyə molla rejiminin idarə etdiyi hakimiyyət bu hərəkətləri edir? Niyə bu hakimiyyət bir zərrə qədər belə qanunsuzluqlardan və vəhşiliklərdən çəkinmir? Ona görə ki, xüsusi bir qrup ölkənin bütün hakimiyyətini və əsas sərvətini ələ keçirib. Kimdir onlar? Onlar İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri və digər qruplaşmalardır ki, hakimiyyəti və sərvəti heç kiminlə bölüşmək istəmirlər. Çünki dövlətdən, bir sıra dövlət şirkətlərindən özləri və əlaltıları külli miqdarda vəsait də oğurlayırlar, hətta talayırlar da. Bu ölkənin korrupsioner elitasının üzvləri özləri milyonçulardır və ölkəni də özləri qarət edərək milyonçuya çevriliblər. Elə buna görə də imtiyazlarından, imkanlarından, var-dövlətindən istifadə edərək, səsini çıxaranı, hətta onlarla az da olsa razılaşmayan hər kəsi qətlə yetirməkdən belə zərrə qədər çəkinmirlər.

Molla rejiminin idarə etdiyi hakimiyyətə qarşı əhalinin 70 faizindən çoxu etiraz edir və bu hakimiyyətin əleyhinədir. Milli azlıqların, ümumiyyətlə, İran hakimiyyətini görməyə gözü yoxdur. Onlarda həmin hakimiyyətə nifrət hissindən başqa bir şey yoxdur. Ona görə ki, onlar ayrı-seçkiliyə məruz qoyulurlar. Hətta bəzən alçaldılırlar da. Onlara öz dillərində danışmaq belə yasaq sayılır, nəinki öz dillərində təhsil almaq. Bu vəhşi qaydalara tabe olmayanlar üçün cəza tədbirlərinə də əl atılır və öz dilində danışanlar qəddarcasına cəzalandırılırlar. Milli azlıqlara qarşı zorakılıq bu ölkədə adi hala çevrilib. Belə bir tələblə küçə və meydanlara çıxanlar isə polisin çox pis şəkildə müqaviməti, hətta zorakılığı ilə qarşılaşmalı olurlar. Təbii ki, hüquqları tapdalanan İran vətəndaşları buna qarşı etirazlar edirlər. Özü də bu etirazlar artıq heç də dinc etirazlar deyil. Bəzən İran polisinin zorakılığından cana gələn, bezən bir qrup insan, məsələn, tələbələr, fəhlələr molotof kokteylindən istifadə edərək polisə qarşı güc də tətbiq edirlər. Bu isə o deməkdir ki, etiraz aksiyaları bu ölkədə dinc xarakterini artıq itirib. Hər an gözlənilməz hadisə baş verə bilər və qırğınların qarşısını almaq belə mümkün olmaz. Deməli, İranda vəziyyət çox təhlükəlidir.

Sözsüz ki, belə vəziyyət, bu şəkildə olan hal, yəni güc tətbiqi arzuolunan deyil, amma etiraf edək ki, İranda hakim qrupla başqa dildə danışmaq həm faydasızdır, həm də mümkün belə deyil. Baş örtüsünün yanlış bağlanılmasına görə cəza tətbiq edən, vətəndaşını həbs edən, hətta qətlə yetirən, edam edən bir hakimiyyətlə hansı dildə danışıla bilər axı? Mövhumatdan bilərəkdən istifadə edərək kütləni itaətdə saxlayan bir hakimiyyət ilə bəlkə hansısa dildə danışmaq mümkündür? Bəlkə, molla rejiminə dinc aksiyalar hansısa təsirə malik ola bilər? Ümumiyyətlə, bu rejim dinc aksiyalara belə zorakılıq etmədən imkan verirdimi ki, əhali, vətəndaşlar öz etirazlarını bildirsinlər? Belə olan halda, zorkılığa qarşı etirazçılar da zorakılıq tətbiq etməyə başlayırlar və bu da artıq kütlənin, etirazların idarəolunmaz halı deməkdir. Belə bir hal isə ölkədə vətəndaş müharibəsinin olmasından, təhlükəli vəziyyətdən xəbər verir.

Bəli, İran polisi etriaz aksiyası iştirakçılarına qarşı güc tətbiq edir, zorakılıq edir. Aksiya iştirakçıları da buna adekvat cavab verməli olurlar. Üstəlik, qarşıdurmalar da öz məcrasını, həddini çox aşıb. Bir sözlə, vətəndaş müharibəsi bundan artıq necə olmalıdır? Bunumu istəyirdi İran hakimiyyəti? Zorakılıqla, qanunsuzluqla istədiklərinə nail ola bildilərmi? Bu hal İran üçün məqbul sayıla bilərmi və görəsən indi molla rejimi rahatdırmı? Əlbəttə ki, rahat deyil və həmin rejim özü indi tikan üstündə oturub. Bununla belə burnunu Ermənistanın timsalında başqa dövlətlərin işinə soxur və qarışıqlıq salmaq üçün əldən-ayaqdan gedir. Bu məqsədlə də işğalçını, terrorçunu həvəsləndirir, ruhlandırır ki, bölgədə vəziyyəti bir qədər də qarışdırsın. Hətta silah-sursat yardımına qədər işğalçıya dəstək olur və bununla da sabitliyin, stabilliyin pozulması üçün bütün mümkün əməllərə əl atır. Maraqlıdır, birdən İranda hər şey qaydasında olsaydı nə edərdi və Ermənistan üçün nələr edərdi?

“Özünə umac ova bilməyən başqasına əriştə kəsir”, zərb məsəlində deyildiyi kimi, İran da öz daxilindəki vəziyyətə, özü də təhlükəli vəziyyətə nəzarət edə bilmədiyi halda Ermənistana dəstək verir. Bu qədər etiraz dalğasının fonunda, özü də vətəndaş müharibəsi həddində bir vəziyyətdə olan ölkə hansı haqla, hansı ağılla digər bir ölkəyə yardım haqqında düşünür? Özü də də işğalçı bir ölkəyə bu dəstəyi, bu yardımı edirsə, buna ad qoymaq belə olmur. Əslində, İran hal-hazırda dünyanın əksər ölkələrinin də hədəfindədir və bu, o deməkdir ki, istənilən anda həmin ölkədə daha dəhşətli hadisələr törədilə bilər. Ümumiyyətlə, xarici ssenarilər fonunda bu ölkənin taleyi belə hələ sual altında qala bilər. Digər tərəfdən, azərbaycanlıların etiraz səsi İranı ayıltmadımı bəyəm? Görəsən, molla rejimi həmin o gücün, qüvvənin qarşısında tab gətirib-gətirməyəcəyi barədə düşünübmü? Yüzlərlə, hətta minlərlə insanın səsini boğmaqda İran özünü hazır hesab edə bilər, amma milyonların səsini boğmaq heç bir dövlətin bacaracağı deyil, nəinki İranın. İndi İran adlandırılan, amma tarixi Azərbaycan torpaqları olan ərazilərdə yaşayan azərbaycanlılar, on milyonlarla insan ayağa qalxsa bu ölkənin vəziyyəti daha ağır olacaq. İstər geosiyasi baxımdan, istərsə də daxilindəki vəziyyəti, təhlükəli vəziyyəti görən molla rejimi niyə öz sərhədləri barədə deyil, Ermənistanın sərhədləri barədə düşünür? Öz sərhədlərindən də çox maraqlıdırmı qonşu ölkənin sərhədləri? Bəlkə, Ermənistanın taleyi İranı öz taleyindən daha çox maraqlandırır?

Artıq gec də olsa, İran öz taleyi barədə düşünmək məcburiyyətindədir. Molla rejimi üçün ən doğru yol burnunu başqalarının işinə soxmaq yox, öz daxili problemlərini həll etmək, bu qədər təhlükəli vəziyyəti aradan qaldırmaqdır. Üstəlik, rəsmi Tehran bölgədə stabilliyi, sabitliyi yaradan bir ölkəyə, vətəndaşlarının əksəriyyəti müsəlman olan bir ölkəyə, Azərbaycana qarşı əks mövqedə olmamalı, normal qonşuluq münasibətlərində maraqlı olmalıdır. Əks halda, bu məqam da İran üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Azərbaycan artıq ötən əsrin sonlarında olduğu kimi zəif bir dövlət deyil, güclü potensialı var, dünyada da söz sahibidir və özünü müdafiə etmək, haqlarını tələb etmək, istənilən anda layiqli cavab vermək əzmindədir. Onsuz da İran hansısa terrorla, hansısa təxribatla nəyə isə nail olan deyil və istənilən təxribatın öhdəsindən gəlindiyi göz önündədir. Əgər İran tərəfi belə təxribatları davam etdirmək niyyətindədirsə, eləcə də işğalçı dövlətə dəstək verərək, onu separatçılığa ruhlandırmaq fikrindədirsə, vəziyyətinin daha ağır, daha təhlükəli olacağını əvvəlcədən göz önünə almalıdır. Çünki belə təhlükəli oyunlarla həmin ölkənin vəziyyətinin heç də yaxşı olmayacağı zərrə qədər şübhə doğura bilməz və İranda hökm sürən təhlükəli vəziyyət daha ağır fazaya keçə bilər.