"Yeni tarif avtobusları saz vəziyyətdə saxlamağa imkan yaradacaq" - QURUMDAN AÇIQLAMA

2 Fevral 2023 16:26 (UTC+04:00)

İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərar fevralın 3-dən qüvvəyə minəcək. Qərarla bağlı AYNA-dan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, regionlara gediş üçün onlayn bilet almaq istəyən şəxslər biletim.az onlayn bilet satışı portalı və avtovagzal.az saytı üzərindən fevral ayının 3-nə qədər mövcud tariflərlə, fevralın 3-dən sonra isə qüvvəyə minəcək yeni tariflərlə bilet ala bilərlər: “Şəhərlərarası və rayonlararası daşımalarda istifadə olunan avtobuslar daşıyıcılara məxsusdur. Avtobus parkının saxlanması və təmir xidməti xərclərində kəskin artım daşıyıcıların maliyyə vəziyyətini də ağırlaşdırır. Ötəngünkü tarif dəyişikliyinin əsas məqsədi nəqliyyat sektorunda keyfiyyətli xidmət tələb etmək üçün bu sahədəki iqtisadi rentabelliyi təmin etmək və daşıyıcı şirkətlərin gəlirləri ilə xərcləri arasında düzgün proporsiyanın formalaşdırılması istiqamətində görülməsi nəzərdə tutulan işləri stimullaşdırmaqdır. Bu tarif daşıyıcılara mövcud avtobusları istismara saz vəziyyətdə saxlamağa və əsaslı təmirə imkan yaradacaq”.