Ötən gün cənab Prezident İlham Əliyev 2 fevral "Gənclər günü" münasibəti ilə gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə bir sıra şəxslər təltif edilib. Mövzu ilə əlaqədar olaraq SİA Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif edilən gənclər arasında sorğu keçirib.

İmanzadə Günay: "Prezident tərəfindən mükafatlandırılmış gənclərdən biriyəm. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müsabiqəsində ilin İKT sahibkarı seçilmiş gəncəm. İnnovasiya sahəsində qazandığım uğurlara və bunun nəticəsində mükafatlandırıldığıma görə özümü xoşbəxt və şanslı hiss edirəm. Biz ötən il Azərbaycanda keçirilmiş “Texnofest – 2022”nin qaliblərindən biriyik. Ötən il bizim üçün çox uğurlu oldu. Düşünürəm ki, bu il də belə mükafat almaq qürurvericidir".

Şahin Xəlilov: "Təsisçi kimi Gənclər mükafatına layiq görülmüş şəxslərdən biriyəm. Hisslərimin həddi-hüdudu yoxdur. Təhsilimi xaricdə almışam. Ölkəyə qayıtdıqdan sonra sahibkarlıq fəaliyyətinə başladım. Uzun müddət xaricdə qalmağıma baxmayaraq, döndükdən sonra öz komandamızı yığaraq bir ofisdə işə başladıq. Lakin bir gün bizə xəbər verildi ki, bu mükafata layiq görülmüşük. Özümə qapalı insanam və biznesimi kənarda görməyə çalışıram. Başa düşdüm ki, gənclər hər zaman cənab Prezident tərəfindən izlənilir. Bizi hər zaman nəzərdə saxlayır, kömək olur və üzə çıxarırlar. Buna görə çox sevinirəm. Hazırda komandamızın əsas məqsədi biznes və innovasiya sahəsi ilə bağlıdır. Kiçik komanda ilə ölkə üçün xeyirli ola biləcək innovativ məhsullar üzə çıxarırıq. Bu sahəyə yeni gələnlərə tövsiyə edərdim ki, heç vaxt pis olmasınlar. Başlanğıc çətindir və yol çox uzundur. Hər bir çətinliyi özünüzə növbəti addım, pilləkən kimi görün. Bu sizi uğura aparacaq. Güclü, birlik olmaq və ölkə üçün xeyirli işlər görmək lazımdır. Azərbaycanda yerləşən şirkətimiz dünyanın 5 ölkəsində tələbələrlə və müştərilərlə işləyirik. Bu da həm yerli, həm də xarici bazarda addım atmaq üçün maraqlı və kreativ sahədir".

Səbinə Həsənzadə: "Mən rəssamlıqla məşğul oluram. Çox sevindirici bir haldır ki, ölkəmiz tərəfindən gənclərimizə bu cür diqqət göstərilir. Düşünürəm ki, bizim kimi gənclərin mükafata layi görülməsi çox böyük motivasiyadır. Öncə cənab Prezident İlham Əliyevə daha sonra Gənclər və İdman naziri Fərid Qayıbova öz minnətdarlığımı bildirirəm".

Vəfa Arizqızı: Mən elmi fəaliyyətimə görə, ölkə başçısı tərəfindən mükafata layiq görüldüm. Gənclər və İdman nazirliyinə tədbirdə göstərdikləri diqqətə görə minnətdaram. 10 ildir ki, pedoqoji fəaliyyətlə məşğul oluram. Bu il də UNESCO-nun tərkibində keçirilən layihələrdə iştirak edirəm. Bütün gəncləri 2 fevral "Gənclər günü" münasibəti ilə təbrik edirəm. Gələcək fəaliyyətlərində isə uğurlar arzu edirəm.

Elsevər Ömərov: Azərbaycan Milli Kulinariya Mərkəzinin üzvüyəm. Biz milli komanda olaraq 16 fevral tarixində İtalyada Azərbaycan mətbəxini təmsil edəcəyik. Cənab Prezident İlham Əliyevə öz təşəkkürlərimi bildirirəm ki, bizi bu formada qiymətləndirirlər. Bütün Azərbaycan gənclərinə tövsiyyə edərdim ki, gördükləri işi məsuliyyətlə icra etsinlər. Çünki məqsədə çatmaq üçün məsuliyyət çox önəmlidir.