Molla rejiminin mərəzi - YENİ BAXIŞ

1 Fevral 2023 16:51 (UTC+04:00)

V.VƏLİYEV

Son hadisələrdən sonra papağını qabağına qoyub fikirləşirsən, əcəba bu İran niyə bu qədər şər işlərlə məşğuldur, məgər bu ölkənin siyasət menyüsündə xeyirli bir iş yoxdurmu? Həm də niyə bu əməllərini müsəlmanlar üzərində qurur? Ərəb dünyası ilə münasibəti bəllidir, sadəcə öz maraqlarından çıxış edərək iki ərəbi bir-birinə qırdırır, ən azından da inkişafına mane olur. Götürək Fələstini, 1947-ci il noyabr ayınin 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxartdı. Qərara əsasən Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1% ərazi isə beynəlxalq ərazi olmalı idi. Yəhudilər 1948-ci il may ayının 14-ü müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Bəs Fələstin, niyə bu dövlət bu günə qədər yaranmayıb? İran da daxil olmaqla bəzi dövlətlər bunun günahını İsraildə axtarırlar. Amma günahkar təkcə Təl-Əviv deyil, fələstinlilər və İranın yaratdığı HİZBULLAH ekstremist təşkilatı bu işə mane olanların başında durur. İran mübarizə adı altında və HİZBULLAHın bilavasitə “terror-yardımı” ilə fələstinlilərin siyasi səhnədə fəaliyyətini əngəlləyir, onların dövlətçilik ruhunu sındırır. Digər tərəfdən də fələstinlilər üzərindən İsraillə regional liderlik uğrunda mübarizə aparır.

İranın digər müsəlman ölkələri Qətər, Bəhreyn, Yəmən, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İrak, Suriya, Pakistan, Əfqanıstan, Türkiyə və nəhayət Azərbaycanla münasibəti heç də xoş deyil. Hər kəsə öz iddiasını yeritməyə çalışır. Qonşuları ilə münasibətlərində qeyri-səmimi, bəziləri ilə də gərgin şəraitdə yaşayan İran təkcə xristian Ermənistanla qardaşlaşıb. Niyə? Əlbəttə, biz İran dövləti, molla rejimi ilə orada yaşayan xalqları eyniləşdirmək niyyətində deyilik. Azərbaycan türkləri, Farslar, Kürdlər, Giləklər və Mazandaranlılar, Lurlar, Bəluclar, Ərəblər, Türkmənlər və digər türk tayfaları bu ölkənin əsas etnik tərkibini təşkil edirlər. Amma bunların siyasi idarəçiliyini molla rejimi həyata keçirir. İdeoloji cəhətdən fars şovonizmi hakimlik edir ki, buna qarşı da zaman-zaman xalq çıxışları, etiraz aksiyaları baş verir.

Bəli, İran Ermənistanı daha çox sevir, onu müdafiə edir, “kiçik bacısı”nın müsəlman azərbaycanlılar tərəfindən zorlanacağını bəhanə edərək əzələ nümayiş etdirməyə çalışır. Amma iş təkcə bununla bitmir, Tehran bacısını qoruyan namuslu bir zat kimi irəli durmur. Bu “sevgi”nin arxasında başqa mətləblər dayanır. İran Ermənistanı sevmək görüntüsü yaratmaqla əslində Türk dünyasının qırılmış bağının bitişməsinə əngəl törədir. Ötən əsrin 20-ci illərində bolşeviklərin Zəngəzuru Ermənistana bağışlaması ilə başlanan ayrılığın sona çatması Tehranın istəklərinə, türk düşmənçiliyi siyasətinə uyğun deyil. Amma fars-molla rejimi anlamaqda çətinlik çəkir ki, Türk dünyasını bir-birinə bağlayan coğrafiya deyil, ürəkdir, könüldür. Coğrafi anlamda birlik isə İranın çabalarına, dirənişinə, xəttinin hansı rəngə boyanmasına baxmayaraq baş tutacaq.

Tehran olayları, Azərbaycanın səfirliyinə qarşı təşkil olunmuş terror aktı xristian təəssübkeşi, müzəlman düşməni olan bu ölkənin əsl mahiyyətini ortaya qoydu. Hadisənin məişət problem səviyyəsinə endirməyə çalışan molla rejimi bunun terror olmadığını israrla bildirsə də hər gün atdığı yanlış addımları Tehranı daha dərin quyuya salır, “üzürü günahından böyük” effekti yaradır. Bu gün Azərbaycanda iransevərlərin, mollakratların canlanmasının arxasında da İrandan alınan tapşırıqlar dayanır. İran hər vəchlə sübut etməyə çalışır ki, hadisə onun ixtiyarından kənarda baş verib. Molla rejimi Azərbaycanda fəaliyyət göstərən bəzi iranyönümlü təbliğat maşınını işə salıb. Qeyd edək ki, xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyatlar da dediklərimizi bird aha sübut edir.

Bəs molla rejiminin mərəzi nədir, niyə qonşuluq, dostluq münasibətlərini yerə vuraraq qanlı olaylar törədir? Bunun birinci səbəbinin Türk dünyası ilə bağlı olduğunu dedik. İkinci səbəb isə, Azərbaycanın İsraildəki Səfirliyinin fəaliyyətini əngəlləməkdir. Bunun üçün Azərbaycana öz aləmində əzələ nümayiş etdirir. Əslində Londonda Səfirliyimizə qarşı olan hücumun arxasında da molla rejimi dayanır. Həmin hücumu törədən qruplaşma İran fanatları olan qruplaşma ilə yaxın münasibətlərə malikdir. 8 nəfərlik dəstənin əksəriyyəti İran əsillidir. Küveytdən İngiltərəyə miqrasiya etsələr də, özlərini İran hakimiyyətinə müxalif kimi təqdim etsələr də, əslində bu, sifarişi molla rejimindən aldıqları hər kəsə bəllidir.

İran və Ermənistanı birləşdirən dəyərlər də ortadadır. Hər iki ölkənin mahiyyətində terrorçu xarakteri formalaşıb. Terror, zorakılıq olmadan bu ölkələrin mövcudluğu da sual altına düşə bilər. İranın sanksiyalardan yayınmasında Ermənistan böyük rol oynayır. Bu ölkənin bankları İranın “çirkli pulları”nın yuyulmasında aktiv iştirak edir. Əsasən Ermənistanın pənah apardığı Avropa tərəfindən sanksiyalara məruz qalan İran İrəvandan istifadə etməklə ayaq üstə durmağa çalışır. Ermənistan isə İrandan yeni eskalasiya, təxribatlar üçün silah alır.

Son hadisələr isə İranın Azərbaycana qarşı təxribatlarının nə qədər geniş, əhatəli olduğunu üzə çıxardı. Məlum oldu ki, molla rejimi müstəqillik dövrü ərzində Azərbaycana 3500 agent sızdıra bilib. İlahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi sahədə Tehrana xidmət etməli olan xəbərçilər ordusu formalaşdırıb. Azərbaycan kəşfiyyatı 1997-2011-ci illər ərzində fəaliyyəti xüsusi proqram çərçivəsində həyata keçirilən agentləri müəyyən edib. Lakin 700 agent Azərbaycanı tərk edə bilib.

1996-cı ildə İranda Azərbaycan masası adlı xüsusi bölmə yaradılıb. İlk addım olaraq İran xüsusi xidmət orqanlarının “Şaziman-ı İttilaat” və İran İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşlarından Azərbaycanın coğrafiyası, dili və mədəniyyəti üzrə xüsusi təlim keçmiş 4000 kəşfiyyatçı seçilib.

Bu agentlərin hamısı Azərbaycana azərbaycanlı qadınlarla evlənərək daxil olublar. Azərbaycan qanunlarına əsasən, İran agentlərinin vəzifə təlimatları da dəyişdirilib və evləndikdən beş il sonra vətəndaşlıq əldə etmək hüququ vasitəsilə onlara daha geniş imkanlar verilib. Vətəndaşlıq hüququ olanlar daha strateji sahələrə yönləndirilib. Bəzi məlumatçılar kommersiya sferasında çalışsalar da, digərləri mülki və hərbi diplomatiya, siyasət, QHT-lər, mədəniyyət, incəsənət və ilahiyyat kimi sahələrə nüfuz ediblər.

Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qanlı basqın həyata keçirən Yasin Hüseynzadənin də həmin komandadan olduğu müəyyənləşib. Urmiyyədə kitab satıcısı olan qardaşı Rəhman Hüseynzadənin İİKK-nin kəşfiyyatında xüsusi vəzifələri olduğu üzə çıxıb. Yanvarın 27-də səfirliyə hücum planının əsası səfirliyin bütün əməkdaşlarının öldürülməsi idi. Azərbaycan diplomatlarının və təhlükəsizlik qüvvələrinin müqaviməti bu planı alt-üst edib.

İran-fars-molla rejiminin bir iyrənclyi də Xoy şəhərində baş verən təbii hadisə - zəlzələ nəticəsində üzə çıxdı. Minlərlə insanın yaralandığı, minlərlə evin dağıldığı,ölənlərin də olduğu hadisədə zərərçəkmişlərə yardıma gələnlər arasında İranın rəsmi dairələrinin olmaması mollaların Azərbaycan türklərinə olan münasibətini büruzə verir. Sırf etnik səbəbdən Tehran rejimi yarmım göstərmək istəmir. Belə bir ölkədə mövcud şərlər altında yaşamaq olarmı? Əlbəttə, yox. Bunun yeganə çıxış yolu bağımsız bir ölkə qurmaq, MÜSTƏQİLLİKDİR!!!