Orta Avropanın ən qədim və mühüm strateji mövqeyinə malik olan ölkəsi Macarıstan tarixin bütün dövrlərində Türk dünyasına və onun ayrılmaz bir hissəsi olan Azərbaycana hər zaman böyük rəğbət bəsləmişdir. Ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq mövcud olmuşdur. 1992-ci ildən mövcud olan diplomatik əlaqələr gündən günə yüksələn xətt üzrə inkişaf edir. İndi Macarıstan Avropada ölkəmizin ən yaxşı strateji tərəfdaşlarından biri olaraq dostluq münasibətlərini ən yüksək formada sərgiləməkdədir. Azərbaycan-Macarıstan əlaqələri bütün sahələrdə ən yüksək formada genişlənməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfərə getmişdir. Səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısının Macarıstana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına xüsusi dinamiklik qatacaq, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaqdır. Cənab Prezidentin bu səfəri yalnız ikitərəfli münasibətlər yox, bütövlükdə Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinə mühüm töhfədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bugünədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensial mövcuddur. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında iqtisadi əlaqələr üzrə hökumətlər arası komissiya fəaliyyət göstərir. Bu da iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından kifayət qədər əhəmiyyətlidir.
Macarıstanın Türk dövlətləri təşkilatının işində yaxından iştirakı ümumiyyətlə Türk dünyası ilə Macarıstan arasında xüsusi münasibətlərin olması Azərbaycan-Macarıstan münasibətlərinin inkişafına da öz təsirini göstərən amillərdəndir. Azərbaycan prezidentinin bu səfəri Azərbaycanla Macarıstanın həm iqtisadi, həm də siyasi əlaqələrinin inkişafı baxımından çox əhəmiyyətli olacaq. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır.
Vüsal Fərəcov
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi