“Məlum hadisələrlə əlaqədar Azərbaycan İrandakı səfirliyini bağlamağa qərar verdi. Bu, hələki müvəqqəti xarakter daşıyır. Təbrizdə isə bizim konsulluğumuz fəaliyyətini davam etdirir. İstənilən halda bu diplomatik əlaqələrdə gərginliyin göstəricisidir. Yalnız Azərbaycan deyil, yayılan məlumatlara görə bəzi Avropa dövlətləri də öz səfirliklərini ölkədən çıxarmaq qərarı veriblər”. Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, sərhədlərin bağlı olması ilə əlaqədar olaraq İrandan Azərbaycana gələn turistlərin sayı kəskin azalmışdı: “Çünki İrandan gələn turistlər qiymətə çox həssas yanaşan qruplardır və onlar yerüstü sərhədlərlə gəlməyə daha çox üstünlük verirdilər. Təyyarə ilə gələnlərin sayı o qədər də çox deyildi. Amma bu diplomatik əlaqənin daralması və dövlətlər arasında hər hansı bir gərginləşmə təbii ki, gəliş-gedişə də təsir edir”.
Turizm eksperti sözlərinə davam edərək bildirib ki, bu, nəinki İrandan Azərbaycana gələn, hətta Azərbaycandan İrana gedən turistlərin sayında da öz təsirini göstərəcək: “Bundan əlavə, son dövrlərdə İran ərazisində müəyyən hərbi-strateji obyektlərin vurulması, daxili vəziyyətin kifayət qədər sabit olmaması fonunda qeyd edə bilərik ki, yalnız ölkə daxilində hər hansı bir gərginlik olduğu halda İrandan xaricə gedən vətəndaşların sayının artması mümkündür. Lakin hər halda viza almaq məsələsi o qədər də sadə olmayacaq. Yerüstü sərhədlər bağlı olduğu üçün bu yerdə məhdudiyyətlər öz sözünü deyir. Əgər İranda daxili gərginlik yaranar və vətəndaşları müvəqqəti də olsa ölkəni tərk etmə qərarı alarsa, bu zaman onlar daha çox vizanın tələb olunmadığı və sərhədlərin açıq olduğu bölgələrə üz tutacaqlar. Bu ölkələr sırasına İranın qonşu dövləti Ermənistan, Türkiyə daxil edilə bilər, nəinki Azərbaycan. Hesab edirəm ki, İrandan Azərbaycana səfərlərin daha da azalması ehtimalı gözləniləndir”.