Yasamalda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

31 Yanvar 2023 18:33 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “İrəli” İctimai Birliyi tərəfindən “Gənclər Həftəsi” çərçivəsində 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin, habelə Vətənimizin azadlığı və suverenliyi uğrundacanından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı çıxışçılar – YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,
millət vəkilləri Ramil Həsən, Arzu Nağıyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik sektorunun müdiri Elşən Hüseynov və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, Azərbaycan Gənclər Gününün ölkə miqyasında qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi dövrdə ölkədə ixtisaslaşmış dövlət qurumlarından biri olan Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi bu sahəyə ayrılan yüksək diqqətin təzahürü idi. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev daim gənclərin Vətənə sadiq ruhda formalaşmalı olduğunu qeyd edir, vətən torpağını qorumağı hər bir gənc üçün müqəddəs vəzifə kimi qiymətləndirirdi. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun sıralarında yer alan cəsur gənclərimizin adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazması həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən biridir. 30 ilə yaxın davam etmiş işğala son qoyan Azərbaycan gəncliyinin hazırda da bu siyasətin inkişafında yüksək fəallıq nümayiş etdirməsi və ümummilli məsələlərdə yaxından iştirakı tədbir müddətində iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.
Qeyd olunub ki, “İrəli” İctimai Birliyi tərəfindən 2 Fevral – Gənclər Günü ilə bağlı həyata keçirilən tədbirlər planının əsas məqsədi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətləri ilə gəncləri yaxından tanış etmək, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.