Gənclər onlara yaradılan şəraitdən razıdırlarmı? - SORĞU

31 Yanvar 2023 16:13 (UTC+04:00)

Gənclər bir ölkənin ən mühüm sərvəti, gücü və ümididir. Gənclik isə bir milləti yüksəldən ən mühüm amildir. İctimai həyatın böyük bir hissəsini təşkil edən gənclərin təhsili və inkişafı böyük əhəmiyyət kəsb edir.

Bildiyimiz kimi, qarşıdan 2 Fevral Gənclər günü gəlir. Bu gün 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Günün təyin olunması Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Bəs, bu gün gənclər sahəsində hansı uğurlara nail olunub? Bu sahədə hansı problemlər var? SİA mövzu ilə bağlı fərqli universitetlərin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı sədrlərinin fikirlərini öyrənib.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqının Sədri Hacıbaba Mustafayev: "Bildiyiniz kimi dövlətimiz tərəfindən gənclər sahəsinin əsas inkişaf prioritetlərindən biri kimi görülməsi bu sahədə xüsusən son illərdə olan irəliləyişin göstəricisidir. Ümumilikdə qeyd edə bilərik ki, bugün Azərbaycan gənclərinin ən nüfuzlu beynəlxalq olimpiadalar və elmi layihələrdə iştirakı və nailiyyətləri, beynəlxalq idman yarışlarında nailiyyətləri və eyni zaman mədəniyyət-incəsənət sahəsində də artıq beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsi ümumi uğurlar sırasına aid oluna bilər. Yuxarıda da qeyd etdiyim kimi hal-hazırda gənclərin bu proseslərə cəlb olunması üçün şərait yaradılıb və genişləndirilməsi üçün səy göstərilir. Digər suala cavab olaraq isə qeyd etmək istəyirəm ki, problem olaraq gördüyüm əsasən müəyyən bir qrup gəncin də sosiallaşmaya meyl etməməsi, gündəlik rejimində sosial şəbəkədən lazımsız istifadəyə yer verməsi və s. səbəblərdən özlərini bu tip proseslərdən uzaqda tutmasıdır ki, regionlarda da bu hallar ilə rastlanır və məncə bu məsələ ilə bağlı bütün gəncləri əhatə edəcək maarifləndirici fəaliyyət vacibdir.

Gənclərlə bağlı ümumi fikir olaraq bildirmək istəyirəm ki, hal-hazırda Azərbaycan gəncliyi beynəlxalq səviyyədə uğurlar əldə edərək və ölkəmizin inkişafı üçün çalışaraq vətənimizin gələcəyinin parlaq olduğunu göstərir. Yaradılan bütün imkanlara görə də əlbəttə ki, dövlət rəhbərliyinə borcluyuq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev: "Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Məhz bu təşəbbüslərin nəticəsində və qəbul edilmiş qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib.

Müasir dövrdə gənclərin şəxsi inkişafı, xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həll edilməsi istiqamətində əməli addımlar atılıb, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün lazımi şərait yaradılıb.

Müasir dövrdə müxtəlif formada Dövlət Proqramları hazırlanaraq təsdiq olunur. Bu Proqramlar gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Dövlət Proqramlarının həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından irəli gəlir. Əslində, qəbul olunan bütün proqramlar dövlət-vətəndaş münasibətlərinin formalaşdırılması istiqamətində yeni bir mərhələ sayılmalıdır.

Son olaraq vurğulamaq istərdim ki, Azərbaycan gəncliyinin inkişafının daha yüksək mərhələsinə qədəm qoyması biz gənclərin məsuliyyət və vəzifələrini bir qədər də artırıb. 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə gənclərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram".

Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova: "Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev də ilk gündən etibarən gənclərlə mütəmadi təmasda olmuş, onların parlaq gələcəyi üçün daima islahatlar həyata keçirmişdir. Ötən illər ərzində məhz Prezident İlham Əliyev gənclər siyasəti nəticəsində Azərbaycanlı gənclər istər beynəlxalq arenalarda, istər döyüş meydanında millətinin, vətəninin haqlarını çəkinmədən müdafiə etmiş və əminik ki, gələcəkdə də bu davam edəcəkdir. Bunun əyani sübutu olaraq Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi şücaət göz önündədir. Məhz Prezident İlham Əliyevin dövründə yetişən Azərbaycan gənci, işğal altında qalan, düşmən tapdağına düşən vətən torpaqlarını qanı, canı ilə işğaldan azad etmişdir.

Ölkədə aparılan gənclər islahatı çərçivəsində bu gün bizim gənclərimiz dünyanın müxtəlif ölkələrində təhsil alır, savadlı və peşəkar şəxsiyyət kimi öz vətəninə geri dönərək milləti üçün xidmət edir. Bütün bunların əksəriyyəti dövlət hesabına, istedadlı gənclərimiz üçün ödənişsiz şəkildə həyata keçirilir. Bu gün respublikamızın bir çox əsas orqanlarında gənclərin praktik biliklər qazanması üçün şərait yaradılır və savadlı kadrlara istənilən məkanda yer verilir. Bütün bunlar uğurlu gənclik siyasətinin uğurları və nəticəsidir".

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının sədri Təhmasib İmaməliyev: "2 Fevral Gənclər Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb.

Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.Təbii ki, biz gənclər cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı sayəsində Azərbaycanın gələcək inkişafına böyük töhfə verəcəyik.

Əziz gənclər! Sizi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir və hər birinizə ən səmimi arzularımı bildirirəm".

Azərbaycan İlahiyyat İnstitunun Tələbə Gənclər Təşkilatının sədri Şahkərəm Kərəmov: "Sevindirici haldır ki, hazırda Azərbaycanda gənclər daha çox yeniliklərə, uğurlara imza atır, dünyagörüşlərini və intellektual səviyyələrini daim inkişaf etdirməyə çalışırlar. Azərbaycan müstəqilliyini qazandıqdan sonra, Ulu Öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərə istər elm, istərsə də idman sahəsində geniş imkanlar yaradılmış və bunun nəticəsində gənclər bir sıra dünya nüfuzlu olimpiadalarda yüksək nailiyyətlər qazanmışlar.

Həmçinin qeyd etmək istəyirəm ki, könüllülük təşkilatları gənclərin inkişafı üçün stimul rolunu oynayıb. Uğurlu siyasətin məntiqi nəticəsi olan 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər gənclərdə ruh yüksəkliyini artırıb və onlara ölkəmizin uğurlu gələcəyi naminə daha inamla çalışmaqlarına təkan verib. Xüsusilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin tamamilə ödənişsiz əsaslarla təhsil almaları üçün yaradılmış şərait, həmçinin müəllimlərin milli-mənəvi dəyərlərimizin aşılanması, o cümlədən multikultural və tolerant mühitlə tanışlıq istiqamətində apardığı tədris bizə özümüzü hərtərəfli inkişaf etdirməyə şərait yaradır.

Bütün gəncləri qarşıdan gələn 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edirəm".

Ayşən Vəli