“İstənilən ölkənin səfirliyi həmin ölkənin ərazisi hesab olunur” - POLİTOLOQ ŞƏRH ETDİ

31 Yanvar 2023 14:17 (UTC+04:00)

“Əvvəla onu qeyd edim ki, İrandakı səfirliyimizə qarşı hücum bir terror aktıdır və Azərbaycan ərazisinə hücum kimi qiymətləndirilməlidir. Çünki, beynəlxalq qanunlara görə istənilən ölkənin səfirliyi həmin ölkənin ərazisi hesab olunur. Eləcə də 1961-ci ildə qəbul edilmiş Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, xarici nümayəndəliklərin təhlükəsizliyinə görə məsuliyyəti ev sahibi ölkə daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, odur ki, səfirliyin qorunması məsuliyyəti ilk növbədə İranın rəsmi qurumlarının öhdəliyi olduğundan baş vermiş terror hücumuna məsuliyyəti də İran dövləti daşıyır:

”Tehrandakı səfirliyimizə qarşı baş vermis hadisə təbii olaraq Azərbaycan İran münasibətlərini daha da gərginləşdirəcək. Çünki baş verənlər özünü “din qardaşı” adlandıran İranın rəsmi dairələri və kütləvi informaisya vasitələri tərəfindən Azərbaycan əleyhinə uzun müddətdir ki, aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsidir. İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqe nəticə etibarilə bu cür terror aktını stimullaşdırdı.

Bundan əvvəl Böyük Britaniyada səfirliyimizə hücumun arxasında da İran Xüsusi Xidmət orqanlarına bağlı dini radikal qrupun dayandığını nəzərə alaraq demək olar ki, indiki hücum da əvvəlcədən planlaşdırılmış hücumdur və İran buna görə cavab verməlidir. Çünki, İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi heç bir halda inandırıcı deyil və hesab edirəm ki, baş vermiş terror aktında İran xüsusi xidmət orqanlarının rolu ciddi şəkildə araşdırılmaqla İran rəsmilərindən izahat tələb olunmalıdır. Xüsusilə də bu ölkədə baş verməkdə olan son hadisələr fonunda İran rəsmiləri ya ayrı-ayrı ölkə səfirliklərini qorumaqda aciz olduqlarını etiraf etməli, ya da Azərbaycana, eyni zamanda Türk və İslam dünyasına düşmən dövlət olduğunu açıq şəkildə bəyan etməlidir.
Səfirlik əməkdaşlarının təxliyyə edilməsi və nəticə etibarilə diplomatik fəaliyyətin dayandırılması ilə bağlı verilmiş qərar isə kifayət qədər ciddi qərardır. Bundan sonrakı dövrdə İranda səfirliyimizin fəaliyyətinin bərpa olunması və ya iki ölkə arasında münasibətlərin necə olacağı isə tamamilə rəsmi Tehranın davranışlarından asılı olacaq. Əgər rəsmi Tehran bu terror aktınn arxasında dayanan qüvvələrin ifşa olunması istiqamətində konkret addımlar atmayacaqsa, əgər Azərbaycan əleyhinə fəaliyyəti yenə də davam etdirəcəklərsə, əgər bundan sonra da düşmənçilik mövqeyi sərgiləyəcəklərsə o zaman hər hansı diplomatik münasibətlərdən də söhbət gedə bilməz. Odur ki, İranın nəhayətdə ağlını başına yığması və baş verənlərdən nəticə çıxarması şərtdir. Hələ ki, biz bu istiqamətdə müsbət addımların şahidi olmuruq. Elə Azərbaycan XİN-nin İrana səyahət etmək istəyənlərə xəbərdarlığı və zərurət olmadığı halda bu kimi səyahətlərdən çəkinməyə dəvət etməsi də iki ölkə arasındakı münasibətlərin nə qədər gərgin olduğunu sübut edir. Bir daha vurğulayıram ki, bizim İranla münasibətlərimizin gələcəyi bu ölkənin davranışlarından və Azərbaycanla bağlı yürütdüyü siyasətdən asılı olacaq”.