"Dostluq və qardaşlıq fonunda əlaqələr yüksək səviyyədə icra edilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

31 Yanvar 2023 11:59 (UTC+04:00)

“Macarıstan Respublikasının Prezidenti Katalin Novakın dəvəti ilə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Macarıstana rəsmi səfər etdilər. Bu səfər zamanı həm Katalin Novakla, həm də Viktor Orbanla ikitərəfli görüşlər baş tutdu. Bu görüşlərdə Azərbaycan-Macarıstan münasibətlərinin daha da inkişaf etdirilməsi və birgə layihələrin icrası ilə bağlı müzakirələr oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, dostluq və qardaşlıq münasibətləri fonunda iqtisadi əlaqələr və humanitar layihələr yüksək səviyyədə icra edilməkdədir: “Xüsusilə də strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanatın imzalanması bu münasibətlərin daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu ortaya qoyur. Azərbaycan birbaşa olaraq Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edən dövlətdir. Macarıstan dövləti də enerji böhranının aradan qaldırılması üçün Azərbaycanla enerji sahəsindəki tərəfdaşlığı inkişaf etdirmək istəyir. Azərbaycan qazının da ən yaxın zamanda Macarıstana çatdırılması ilə bağlı işlər həyata keçirilir. Həmçinin artıq “yaşıl enerji” resurslarının da Qara dənizin dibi ilə keçməklə Ruminiya və Macarıstana ötürülməsinə dair razılaşma əldə edilib. Bununla bağlı işlər də həyata keçirilir. Yeni “yaşıl enerji” dəhlizinin çəkilməsi də reallaşdırılacaqdır”.

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan və Macarıstan yalnız enerji resursları sahəsində əməkdaşlıqla kifayətlənməyib: “Həm yüklərin daşınması, həm iqtisadi, həm humanitar sahədə layihələr həyata keçirilir. Macarıstan tərəfindən 200 azərbaycanlı tələbəyə təqaüdün verilməsi Azərbaycanın kadr potensialının güclənməsinə xidmət etməkdədir. Bütün bunlarla yanaşı Qarabağ və Şərqi Zəngəzurda ərazilərin minadan təmizlənməsi sahəsində Azərbaycan Macarıstanın təcrübəsini yaxından öyrənmək, onun dəstəyi ilə bu məsələyə nail olmaq istəyir. Macarıstan NATO-ya üzv olan dövlətdir və minaların təmizlənməsi üzrə böyük təcrübəyə malikdir. Macarıstan dövlətinin bu ərazilərin dirçəlməsi üçün dəstək verməsinin də şahidi olacağıq.

Ümumilikdə Macarıstanın Türk Dövlətlər Təşkilatına müşahidəçi qismində üzv olması və bu təşkilata Macarıstanın verdiyi dəstək danılmazdır. Azərbaycanla Macarıstan arasında əlaqələrin genişləndirilməsi cənab Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanır”.