Rus rublu yenə də ucuzlaşacaq?

30 Yanvar 2023 23:27 (UTC+04:00)

Rubl hazırkı zəifləmə dalğasını davam etdirə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir proqnozu "Arikapital" idarəetmə şirkətinin investisiya strateqi Sergey Suverov verib.

O xatırladıb ki, rublun yeni zəifləmə dalğası ötən həftənin ikinci yarısında başlayıb və bu həftə də davam edib. Buna Qərbin fevralın 5-dən Rusiya neft məhsullarına qiymət tavanı tətbiq etməsi və Rusiya vətəndaşlarının əmanətləri rubla çevirmək əvəzinə xarici banklardakı hesablardan qeyri-dost valyutanı çıxarması riskləri səbəb olub. Suverovun fikrincə, bu dalğa rublun "2023-cü ildə aşağı həddə" yenilənməsinə səbəb ola bilər.

Vəziyyətin belə inkişafı ilə dollar 72,46 rubl, avro 77 rubl, yuan isə 10,56 rubl həddini keçəcək.

Qeyd edək ki, yanvarın 30-da dolların məzənnəsi 70,26 rubl (artım 80 qəpik), avro 76,53 rubl (plus 1,03 rubl), yuan 10,39 rubl (plus 13 qəpik) səviyyəsində başa çatıb.

Ağasəf Babayev