Macarıstanın Baş naziri: Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik

30 Yanvar 2023 20:38 (UTC+04:00)

Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Azərbaycandan gələn həm təbii qaz, həm də elektrik enerjisi Macarıstandan keçəcək. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.

Macarıstanın həll yolunun tərkib hissəsi olacağını vurğulayan Baş nazir deyib: “Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək”.

Prezident İlham Əliyevlə bu yaxınlarda Buxarestdə növbəti saziş imzaladıqlarını xatırladan Viktor Orban qeyd edib ki, bununla da Qara dənizin dibi ilə çəkiləcək elektrik enerjisi kabeli Azərbaycanın yaşıl enerjisini Avropaya gətirəcək.