Prezident: Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik

30 Yanvar 2023 19:43 (UTC+04:00)

Hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır. Biz öz təchizatımızı artırmağa hazırıq və əlbəttə ki, əməkdaşlığı dost ölkələrlə başlamaq istəyirik. Bu gün biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşündə deyib.

“Lakin təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik. Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik. Bu gün biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev Baş nazir Viktor Orbanı münasib vaxtda Azərbaycana səfərə və fəal dialoqu davam etdirməyə dəvət edib.