Azərbaycanın uğurları fonunda İRANIN QORXUSU – TƏHLİL

30 Yanvar 2023 19:13 (UTC+04:00)

Çoxdandır ki, erməni dəyirmanına su tökərək, Azərbaycanın ərazi bütövlüyü barədə sərsəm bəyanatları ilə diqqəti çəlb edən qonşu dövlət olan İran artıq həddini aşdı və həmin ölkədə Azərbaycan səfirliyinə olan hücumla, terror aktı ilə ölkəmizə münasibətdə özünü guya döst adlandıran ölkənin hansı mövqedə olduğu faş olundu və hətta bu dövlət beynəlxalq müstəvidə belə rüsvay oldu. Həm də ona görə rüsvay oldu ki, İran öz qorxusunu da bəlli etdi və bütün dünya gördü ki, Azərbaycanın uğurları, istənilən müstəvidə ölkəmizin əldə etdiyi qələbələr İranı bərk qorxuya salıb.

Təbii ki, bu rüsvayçılıqdan xilas olmaq üçün rəsmi Tehran səfirliyə edilən həmin o hücum, terror aktı ilə bağlı müəyyən uydurmalar səsləndirir, amma reallıq göz önündədir və bunların yalan, həqiqətə uyğun olmadığı bəllidir. Mühafizə xidmətinin terrorçuya qarşı “dost” münasibəti məsələnin kökü barədə çox söz deyir. Əlində avtomat olan, silahlanmış birinə mühafizə xidmətinin saymazyana münasibət göstərməsi və onun bu şəkildə, bu vəziyyətdə səfirliyə yaxınlaşmasını belə adi qarşılaması heç də normal deyil və bir sıra gizli məqamlardan xəbər verir. Terrorçu qapıya yaxınlaşır, əvvəlcə hansısa küt alətlə zərbələr endirir, sonra silaha əl atır və bütün bunlar müəyyən zaman fasiləsində, özü də mühafizənin müdaxilə etməsi üçün kifatət edəcək zaman fasiləsində baş verir. Amma mühafizənin belə bir addım atdığının şahidi olan olmur. Əksinə, tam rahat, heç bir maneə olmadan terrorçu qapını sındırmaqla, səfirlik binasına daxil olmaqla məşğul olur və maneənin olmayacağına belə əvvəlcədən əminliyi də hiss olunur.

Hadisə zamanı terrorçunun gəldiyi avtomobildə iki uşaq olması barədə fikirlərin ortaya atılması səbəbsiz deyildi. Məqsəd hadisəyə, ediləcək hücuma, terrora don geyindirmək olub və bu istiqamətində hazırlıqlar da əvvəlcədən düşünülüb. Məsələ burasındadır ki, kadrlardan da göründüyü kimi, terrorçunun gəldiyi avtomobildə uşaqlar olmayıb və bu barədə ortaya atılanlar da yalan və azdırıcı imiş. Çox maraqlı bir məqam diqqəti çəlb etməyə bilməz, avtomobildə uşaq yox idisə, bu barədə xəbər yaymaq İranın nəyinə lazım idi? Əgər İran tərəfi məsələnin nə demək olduğunu anlamayıbsa, niyə qondarma versiyanı dövriyyəyə buraxmaq üçün əldən-ayaqdan gedir? Məlum hadisə ilə bağlı belə faktlar yetərincədir və hər biri də İranın bu məsələni əvvəldən bildiyini və hətta buna hazırlaşdığını təsdiq edir.

Hadisədən çox az bir zaman keçəndən sonra saxlanılan terrorçu törətdiyi hadisə barədə çox rahat və ardıcıllıqla ifadə verir. Belə bu şəkildə ardıcıl ifadələri uzun müddət hazırlaşan, özü də hansısa sıradan bir hadisədə saxlanılan bir insan verə bilərdi, terror aktını törədən və saxlanılan biri yox. Həmin terror hadisəsindən qısa bir müddət sonra İranın jurnalistlərinin də hadisə yerində terrorçuya məhz İranın özünə lazım olan məqamları əks etdirəcək suallar verməsi də təsadüfi deyildi. Heç İran televiziyaları arasında məhz Azərbaycan əleyhinə mövqeyi ilə seçilən Sabah televiziyasının da bu yerdə dərhal peyda olması belə təsadüfi sayıla bilməz. Bu faktlar təsdiq edir ki, həmin hadisə, daha doğrusu terror aktı birbaşa olaraq İran hakimiyyəti tərəfindən hazırlanmışdı, özü də xeyli müddət öncədən. Bəli, İran bunu hansısa səbəblərlə, nə ilə isə əlaqələndirmək istəyir və burada, xalqlar arasında münasibətləri pozmağa çalışanların niyyətlərindən tutmuş ailə münaqişəsi variantına qədər əl atılır, amma istənilən halda İran dövləti bu məsələdə cavabdehlik daşıyır, hansıki bunu yaxşı bildiyi üçün əl-ayağa düşüb. Qorxu hissi burada dərhal hiss olunur və bunun səbəbləri də bəllidir. Təkcə cavabdehlik deyil, eyni zamanda İran artıq hadisələri idarə edəcək rıçaqları əldən verdiyinin də fərqindədir və buna görə də sıxıntıları başadüşüləndir.

Dünyanın bir neçə ölkəsində terror aktı törədən, terroru dövlət siyasətinin vacib elementi kimi qəbul edən İran və Ermənistan arasında oxşarlıqlar çoxdur, hansı ki, onları bir-birini qardaş adlandırmağa sövq edib. Eyni ilə ermənilər kimi, farslar da bir zamanlar böyük, güclü dövlətlərin təsirlərinə, hökmranlıqlarına davam gətirə bilməyib süquta uğrayıblar. Sonuncu minillikdə bu ərazilərdə hansısa fars, eləcə də erməni dövləti olmayıb və bu gün coğrafi baxımdan İran adlandırılan ərazilərdə Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Afşarlar kimi bizim əcdadlarımıza məxsus dövlətlər olub. Bir-iki əsr bundan əvvəllə qədər indiki İran dövləti olmayıb. Eyni tale, eyni hal Ermənistana da aiddir. Ötən əsrin əvvəllərinə qədər Ermənistan deyilən bir dövlət barədə də söhbət gedə bilməz və bu iki dövlət həmin dövrdə süni şəkildə yaradılıb, özü də məhz bizə, azərbaycanlılara məxsus olan tarixi ərazilərdə yaradılıb. Məqsəd də geosiyasi müstəvidə türk faktoruna qarşı addım olub. Bir tərəfdə Türkiyə, digər tərəfdə də Azərbaycan kimi dövlətlər olduğu halda bu iki dövlət, yəni İran və Ermənistan süni şəkildə kimlərinsə maraqları naminə yaradılıb. Daha dəqiq desək, həmin dövrdə geosiyasi müstəvidə güc, söz sahibi olan Rusiya və Böyük Britaniyanın maraqlarına xidmət edən siyasət olduğu bəllidir.

Əhalisinin demək olar ki, yarısı azərbaycanlılar olan İranın bu gün azərbaycanlılara, elə Azərbaycana qarşı aqressiyası, eləcə də Ermənistanın özünün ölkəmizə qarşı əks mövqeyi bu mənada səbəbsiz deyil, qorxunun əlamətidir. Hər iki qonşu dövlət, yəni İran və Ermənistan qorxur ki, azərbaycanlılar öz haqlarını tələb etdikləri halda bu, dünya birliyi tərəfindən dəstəklənərsə, o zaman onlar yenə də əvvəllər olduğu kimi, dövlətçilikdən məhrum olarlar. Bəli, Ermənistan adlanan İrəvan ərazisinin Azərbaycan ərazisi olduğu, iyirminci əsrin əvvəllərində ermənilərə verildiyi, eləcə də İran ərazilərinin bizə məxsus olan qədim dövlətlərin əraziləri olduğu və İran dövlətinin süni şəkildə yaradıldığı fönunda hər iki ölkənin qorxusu, azərbaycanlıların öz ərazilərinə sahib çıxmaq imkanlarının böyük olduğu qorxusu ilə qorxuya düşdüyü gün kimi aydındır. İndi hər iki qonşu dövlət tərəfindən tərədilən terror hadisələrinin, təxribatların da bəlli bir ssenarisi var və yenə də hansısa çirkin niyyətlərə xidmət etdiyi zərrə qədər şübhə doğura bilməz. Eyni zamanda, Ermənistanla İranın bir mövqedən çıxış etməsi də, bir-birini qardaş adlandırması da, bizə azərbaycanlılara, Azərbaycan dövlətinə qarşı əks mövqe sərgiləməsi də bu aspektdə anlaşılandır və açıq şəkildə görünür ki, bu, hər iki qonşu ölkənin ölkəmizə, vətəndaşlarımıza qarşı etdikləri qorxunun təzahürüdür. Bu yanaşmada təəccüblü heç nə yoxdur və Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyi uğrunda apardığı uğurlu siyasət İranın da, Ermənistanın da yuxusunu ərşə çəkib. Ermənistanın açıq şəkildə düşmənçilik mövqeyi ilə yanaşı, İran da Azərbaycanı dost ölkə hesab etmir, baxmayaraq ki, bunun əksini bəyan edir.

Bu zamana qədər, yəni Sovet imperiyasının, ardınca da həmin imperiyanın varisi sayılan Rusiyanın təsirləri güclü olduğu zamana qədər İran da, Ermənistan da hansısa mənada özünü bir çərçivədə aparmaq məcburiyyətində idisə, indi məlum Ukrayna-Rusiya müharibəsi və bununla bağlı az qala bütün dünya tərəfindən aldığı sanksiyalar fonunda Moskvanın təsir imkanları və gücü azaldığı zaman İran da, Ermənistan da özünü ifadə etmək imkanları əldə edib. Eləcə də Azərbaycanın, qardaş ölkə olan Türkiyənin geosiyasi müstəvidə söz sahibinə çevrilməsi, regionda lider dövlətlər olmaları, bunu da bütün dünyanın qəbul etməsi hər iki qonşu ölkə hakimiyyətinin kürkünə birə salıb. Ermənistanın düşmənçilik mövqeyi açıq şəkildə olub, amma özünü yalandan dost ölkə kimi qələmə verən İranın bu mənada mövqeyini heç olmasa bundan sonra nəzərə almaq lazım gəlir. Bir sözlə, təkcə Ermənistan deyil, İranın da ölkəmizə qarşı aqressiv, qeyri-dost mövqeyi bundan sonra da yaddan çıxmamalıdır və ehtiyat əldən verilməməlidir.

Türkiyə-Azərbaycan tandeminə görə İranın narahatlıq keçirdiyi qətiyyən təkzib edilə bilməz. Azərbaycanın 44 günlük müharibə zamanı əldə etdiyi uğurları da, bu müharibənin məntiqi nəticəsi olan Zəfərimizi də İranın həzm etmədiyi elə müharibə dönəmində də özünü biruzə verirdi, müharibə bitdikdən sonra da bu özünü biruzə verməkdədir. Rəsmi Tehranın Ermənistana dəstək nümayiş etdirməsi də, hətta post-mühribə dönəmində belə molla rejiminin sərhədlər barədə məlum sərsəm bəyanatları da təsdiq edir ki, İranı məhz Türkiyə-Azərbaycan tandemi bərk qıcıqlandırır. Xüsusilə nəzərə almaq lazımdır ki, İran bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan, hətta o biri tərəfdən də Pakistanla sərhəddir və bu coğrafi yerləşmədə olan İran bu gün Türkiyə ilə yanaşı Pakistanın da Azərbaycanla dost münasibətlərinə görə narahatdır. Doğrudur, Pakistan hələki Azərbaycanla məhz Türkiyə qədər yaxın deyil, amma rəsmi Tehran bilir ki, istər siyasi, istərsə də hərbi mənada Pakistan Azərbaycan üçün müttəfiq hesab olunur. Üstəlik, bu müttəfiq münasibətləri fonunda Azərbaycanın söz sahibinə çevrilməsi, xüsusən də regionda lider dövlət olaraq qəbul edilməsi bu coğrafi yerləşmədə olan İran üçün qorxu yaradıb. Bir sözlə, Azərbaycanın uğurları fonunda İranın qorxusu anlaşılandır və bu ölkənin hələ bundan sonra da aqressiyası gözləniləndir.