İşlə təmin olunmaq üçün nə etməliyik? - QURUM RƏSMİSİ AÇIQLADI

30 Yanvar 2023 18:24 (UTC+04:00)

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin sosialyönümlü işlərindən yararlanmaq istəyənlər, ilk növbədə, Dövlət Məşğulluq Agentliyinin filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək işsiz kimi qeydiyyatdan keçməlidir". Bu sözləri SİA-ya açıqlamasında DOST İş Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rüfət Seyidov bildirib.

Qurum rəsmisi qeyd edib ki, bunun üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur: "Vətəndaş işsiz kimi qeydiyyatdan keçdikdən sonra avtomatik olaraq elektron növbəyə düşür. Növbəsi çatdıqda isə DMA-dan DOST İş Mərkəzinə göndəriş verilir. Bu zaman vətəndaş üzərində şəxsiyyət vəsiqəsi, əgər varsa əmək kitabçası, həmçinin DMA tərəfindən müəyyən olunan sənədləri götürməlidir. DMA tərəfindən DOST İş Mərkəzinə yönləndirilən vətəndaş ən qısa müddətdə sosialyönümlü işlə təmin edilir".