"Consonun Putinin təhdidləri ilə bağlı dedikləri yalandır"

30 Yanvar 2023 17:48 (UTC+04:00)

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Rusiya prezidenti Vladimir Putinin guya onu raket zərbəsi ilə hədələdiyi barədə sözləri yalandır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri yanvarın 30-da Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, sabiq baş nazir Boris Consonun Rusiya prezidenti Vladimir Putinin onunla söhbətində guya raket zərbəsi ilə hədələməsi barədə açıqlamaları “şüurlu və ya şüursuz” yalandır.

Eyni zamanda, Kremlin sözçüsü qeyd edib ki, Consonun sözləri çox güman ki, Rusiya prezidentinin nədən danışdığını faktiki olaraq başa düşmədiyini göstərir.

Dmitri Peskov əlavə edib ki, Böyük Britaniya hökumətinin keçmiş rəhbəri Boris Consonun istinad etdiyi məsələdə söhbət Ukraynanın NATO-ya daxil olması və praktiki olaraq Rusiya sərhədlərində raketlərin yerləşdirilməsindən gedib.

...Mən bu söhbət zamanı nələrin müzakirə olunduğunu bilirəm və bir daha rəsmi şəkildə təkrar edirəm: bu yalandır. Raket təhdidləri olmayıb. Rusiya üçün təhlükəsizlik çağırışlarından danışan prezident Putin qeyd edib ki, Ukrayna NATO-ya daxil olarsa, NATO və ya Amerika raketlərinin sərhədlərimizdə potensial yerləşdirilməsi istənilən raketin bir neçə dəqiqə ərzində Moskvaya çatması deməkdir.

Xatırladaq ki, bir müddət əvvəl BBC-nin nümayiş etdirdiyi sənədli filmdə Boris Conson demişdi ki, 2022-ci il fevralın 2-də baş tutan telefon danışığı zamanı Vladimir Putin Ukraynada hərbi münaqişə olacağı təqdirdə ona qarşı sanksiyalar tətbiq ediləcəyi ilə bağlı sözlərinə cavab verib. İddialara görə, Rusiya onu raket hücumu ilə hədələyib.

Ağasəf Babayev