"İran ağlını başına almalıdır!" - HULUSİ KILIÇ

30 Yanvar 2023 17:18 (UTC+04:00)

"Ev sahibi olan ölkə diplomatik və konsulluq üzvlərinin müdafiəsinə cavabdehdir, eyni zamanda, konsullağa olacaq bütün hücumların qarşısını ev sahibi olan ölkə almalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA”, Türkiyənin Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, yəni İran Azərbaycan diplomatlarını qorumalıdır: “Həmin məsələ 1961-ci il Vyana sözləşməsində açıq şəkildə əksini tapıb. Hücuma görə İran məsuliyyət daşıyır və İran bu hücuma görə birinci cavabdehdir. İranda güclü kəşfiyyat təhlükəsizlik sistemi mövcuddur və İran istərsə hücumun baş verməsini qarşısını ala bilərdi. Yəni, İran kəşfiyyatı təhlükəsizliyi tam təmin edə bilərdi. İranın bu hərəkətini qəbul etmək mümkün deyil. Rəsmi Tehran terroru həyata keçirən, hücuma kömək edən hər kəsi ortaya çıxarmalıdır”.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib ki, Azərbaycanın səfirliyi Azərbaycanın torpağıdır: "Yəni Azərbaycanın torpağına hücum edilib. 44 günlük Vətən müharibəsindən sonra rəsmi Tehranın fərqli davranışlar sərgilədiyini müşahidə edirik. Azərbaycanın tarixi zəfəri nədənsə İranı narahat edir. Sərhəddə təlimlər keçirməsini, İrəvanda baş konsulluq açmasını, Zəngəzur dəhlizi ilə bağlı etirazlarını və s. anlamaq mümkün deyil. İran Türkiyə ilə Azərbaycanın qonşusudur. Qonşuluq əlaqələrini davam etdirməli və bu münasibəti normal davam etdirilməsinə çalışmalıdır. İran ağlını başına yığmalıdır. Həm Türkiyə, həm də Azərbaycanla əlaqələrini normallaşdırmalı və mehriban qonşuluq əlaqəsi saxlamalıdır. İran unutmamalıdır ki, 15 iyul "Şuşa Bəyannaməsi" ilə Türkiyə-Azərbaycan bir millət, bir dövlətə çevrilib. "Şuşa Bəyannaməsi" bizə böyük güc verir. Azərbaycan səfirliyinə edilən hücum Türkiyəyə hücum kimi qəbul edilir, yaxud əksinə. Prezident səviyyəsində verilən açıqlamalar Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Azərbaycan yalnız deyil".

Sabiq səfirin sözlərinə görə, İran sülh və sabitlik üçün səy göstərməlidir: "Rəsmi Tehranla problemimiz yoxdur. Amma görünür, İranın bizimlə problemi var. Hücumu arxasında dayanan şəxslər vardır, bu hücum bir nəfər tərəfindən törədilməyib. Bu, bir terrordur və bu terrorun arxasında dayanan qüvvələr var. Onları da, ortaya çıxarmalı və aşkar etməliyik. Can Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunu şiddətlə və nifrətlə qınayıram. Yaralılara Allahdan şəfa diləyirəm, şəhidimizə Allah rəhmət etsin. Ailəsinə, Azərbaycan xalqına, millətimizə başsağlığı verirəm!".