Dini siyasət, yoxsa siyasi din? - ANALİZ

30 Yanvar 2023 17:00 (UTC+04:00)

Din Yaradanın insanlara məsləhət gördüyü yaşam tərzi və mənəvi qaydalar toplusudur. Tanrı insanların bu qaydalara əməl edərək maddi və ruhi dünyada həqiqi səadətə yetişməsini istəyir. Din insanları qardaşlığa, səmimiyyətə və birləşməyə çağırır. Çox təəssüf ki, bütün dövrlərdə və bütün ölkələrdə dindən siyasi məqsədlərlə istifadə cəhdləri olub və bu da son nəticədə özü ilə çoxsaylı problemlər gətirib. Bir çox ölkələr isə artıq bu acı tarixi təcrübənin təkrarlanmaması üçün dinin siyasiləşməməsi, onun öz həqiqi missiyasını yerinə yetirməsi üçün xüsusi yanaşma ortaya qoyurlar. Azərbaycan da belə ölkələrdəndir.

Hazırda dünyada 8 milyard insan yaşayır ki, bunun da təxminən 1,5 milyard nəfərini müsəlmanlar təşkil edir. Dünyada 50-dən artıq müsəlman ölkəsi var ki, Azərbaycan bu sıraya daxildir. Azərbaycan dindarlarının əksəriyyəti müsəlmanlardır. Bu xalq ta qədimlərdən Yaradana sadiq, dini qayda və ayinlərə bağlı olub, hər zaman mənəvi dəyərlərə hörmət bəsləyib. Sovet dövründə dini qaydalara əməl etməklə bağlı məhdudiyyətlərə baxmayaraq, həmişə xalqın qəlbində Tanrı sevgisi olub.

Artıq 32 ildir ki, Azərbaycan özünün müstəqilliyini bərpa edib. Tarix üçün çox kiçik olan bu müddətdə ölkəmiz keçmiş SSRİ-yə daxil olan respublikalar arasında iqtisadi və siyasi cəhətdən müqayisə olunmaz dərəcədə yüksək sürətlə inkişaf edib. Azərbaycan artıq müasir dünyanın, bütün mütərəqqi beynəlxalq təşkilatların həqiqi üzvüdür. Ölkəmizdə bütün dini icmalar azad şəkildə fəaliyyət göstərir. Söz azadlığı, mənəvi dəyərlərin qorunması təmin edilib. Son vaxtları dini mövzularda yazanlarımızın sayı da çoxalıb. Dini inancı və yazdığı yazılara görə insanlar heç bir təzyiqlərə məruz qalmırlar. İnsanlarımız öz inandığı dinə rahat şəkildə xidmət edir və məbədlərə gedirlər. Ölkədə bir çox köhnə məscidlər, kilsələr, sinaqoqlar, məbədlər bərpa olunub. Ziyarətgahlar abadlaşdırılaraq dindarların ixtiyarına verilib.

Müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli müdrik siyasətçi, ulu öndərimiz Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib. İndi Azərbaycanda çox az yaşayış məntəqəsi tapılar ki, orada hansısa bir məbəd olmasın. Ölkədə bütün dini icmalar sərbəst və azad fəaliyyət göstərir.

Əlbəttə, bütün sahələrdə olduğu kimi, dini sahədə də müəyyən problemlər mövcuddur. Lakin insanlarımız dini qaydalar və müasir həyatın tələblərini uyğunlaşdıraraq öz həyatlarını düzgün yaşamağa çalışırlar.

Lakin dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yaranır. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da təriqətlər arasında münaqişəyə səbəb olur. Bu, həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.

Azərbaycanda mövcud olan dini təriqətlərin sərbəst fəaliyyət göstərməsindən sui-istifadə etmə halları var. Ölkədə qanunsuz fəaliyyət göstərən zərərli dini təriqətlər də mövcuddur. Azərbaycana qarşı düşmən mövqedə olan xarici ölkələrin xüsusi xidmət orqanları, bəzi terror təşkilatları öz çirkin niyyətlərini həyata keçirmək üçün dini təriqətlərdən istifadə edirlər.

İslam dininin təbliği və dini ayinlərin həyata keçirilməsi ilə məşğul olan ruhanilərin- “din xadimlərinin” savadsızlığı, islam dininin düzgün təbliğ olunmaması, insanların dini inanclarının çaşdırılması və mövhumatın meydana gəlməsinə gətirib çıxarır. Dini icmalarda yüksək təhsilli ruhanilərin çatışmazlığı və ictimai tədbirlərdə, məclislərdə dini qaydalar haqda insanlara düzgün məlumat verilməməsi buna gətirib çıxarır ki, cəmiyyətdə dinin əsl mahiyyəti haqda məlumatsızlıq yaranır.

Təhsil müəssisələrində müxtəlif dinlərin yaranma tarixi və təşəkkül tapması bu dinlərdə insani əxlaqi dəyərlər haqqında tələb və tövsiyələrin tədrisinin aparılmaması nəticəsində gənclərin dini baxışları səhv formalaşır, bundan yararlanan bəzi qüvvələr isə dövlətə və dövlətçiliyə qarşı istifadə edirlər. Bu çatışmazlıqları bərpa etmək üçün təbii ki, müəyyən vaxt lazımdır.

Azərbaycanda dini təhsilə də böyük önəm verilir. Ölkəmizin ali məktəblərindən biri olan Bakı İslam Universitetində və digər universitetlərin ilahiyyat fakültələrində xeyli gənc dini təhsil alır. Bundan başqa, onlarla gənc islam ölkələrinin aparıcı universitetlərində təhsillərini davam etdirirlər. Bütün bunlar qəti fikir söyləməyə əsas verir ki, Azərbaycanda savadlı ilahiyyatçılar yetişməkdədir.

21 iyun 2001-ci il tarixdə Prezident Heydər Əliyevin 512 nömrəli fərmanı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yaradıldı. Keçən dövrdə bu komitə bu sahədə sağlam mühitin formalaşması üçün çox böyük işlər görüb. Azərbaycan dövləti dini icmalara xüsusi qayğı göstərir, onlara rahat fəaliyyət üçün hər cür imkanlar yaradır. Minlərlə dini məbəd dövlət hesabına tikilib və ya təmir olunub. Din xadimləri dövlətdən hər cür dəstək görürlər. Ökədə dini konfessiyalar arasında sağlam münasibət və dini tolerantlıq hökm sürür. Dinlər arasında sülh və əmin-amanlıq mövcuddur. Lakin unutmamalıyıq ki, Azərbaycanda bu münasibətlərin qorunub saxlanması təkcə bir dövlət komitəsinin yox, hər bir vətəndaşın borcudur.

Din təkcə mənəvi həyat tərzi deyil, həm də fiziki cəhətdən sağlam cəmiyyətin formalaşmasına xidmət edən bir faktordur. Müasir dövrün ən böyük bəlalarından biri olan narkomaniya və mənəvi düşkünlüyü aradan qaldırmaq üçün dini təbliğ edən insanlar mənəvi və əxlaqi dəyərlərdən geniş söhbət açmalı, insanları maarifləndirməlidirlər. Bu məqsədlə, əsasən, gənclər arasında düzgün dini təbliğat, araşdırma və tövsiyəyə ehtiyac duyulur. Getdikcə bu nöqsanlar düzəlmək üzrədir.

Dövlət Komitəsi və digər aidiyyatı dövlət orqanları əlaqəli fəaliyyət göstərməklə, zərərli təriqətlərin (qeydiyyatda olan və olmayan) vaxtında aşkar edilməsi və fəaliyyətinin yoxlanılmasını, Dövlət Komitəsinin rəhbərliyi altında dini fəaliyyətlə məşğul olan ruhanilərin hazırlıq səviyyəsinin (təhsil, savad, bilik və bacarığın) yoxlanması və fəaliyyətin daimi nəzarətdə saxlanmasını təmin etməlidir. Bu zaman dini fəaliyyətlə məşğul olan ruhanilərin şəxsi əxlaq keyfiyyətlərini ciddi diqqət mərkəzində saxlamaq lazımdır. Onların əsas fəaliyyət sferası səmimiyyətə və düzgünlüyə köklənməlidir.

Siyasi fəaliyyətlə məşğul olan, xarici mərkəzlərin mənafeyi üçün çalışan və ölkədə dini zəmində qarşıdurma yaratmağa çalışan saxta din xadimləri aşkar olunmalı və cəzalanmalıdır.

Dövlət və cəmiyyət arasında səmimi münasibətlərin davamlı olması üçün din faktorundan düzgün istifadə edilməlidir. Bunun ən yaxşı nümunəsini isə Azərbaycan dövləti və cəmiyyəti arasında olan münasibətlərdə görmək olar.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb