Eyni anda necə 2 diplom almaq olar? - EKSPERT DANIŞDI

30 Yanvar 2023 15:19 (UTC+04:00)

“Azərbaycan universitetləri xarici universitetlərlə müqavilə bağlayır və ikili diplom proqramından istifadə edirlər. Məsələn, Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Universiteti arasında ikili diplom proqramı ilə bağlı müqavilə imzalanıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, tələbə universitetə qəbul olduqda onun üçün əlavə daxili imtahan təşkil olunur: “İmtahanı keçdikdən sonra tələbə 3 il BMU-da, geri qalan 1 ilini isə Koreya Universitetində təhsil alır. Təhsilini başa vurduqdan sonra tələbəyə həm BMU-nun, həm də Koreya Universitetinin diplomu verilir. İxtisası seçərkən ikili diplomu olan universitetləri seçməyə diqqət yetirmək lazımdır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bundan əlavə, Azərbaycan daxilində universitetlərdən iki diplom almaq da mümkündür: “Sadəcə, çox tələbənin bundan məlumatı yoxdur. Bir-birinə oxşar ixtisaslarda dərslərin təxminən 70%-i eyni olduğu üçün hər ikisində də təhsil alıb, iki oxşar ixtisasın diplomunu əldə edə bilərlər. Məsələn, bir tələbə maliyyə ixtisasına qəbul olubsa, eyni anda mühasibatlıqda da təhsil ala bilər. Bu, Azərbaycan universitetlərinin hamısı üçün keçərlidir. Çünki bu məsələ “Təhsil Haqqında” Azərbaycan Respublikasının qanununda əks olunub”.