"Azərbaycan-Macarıstan əlaqələrinin gələcəyi var" - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

30 Yanvar 2023 14:30 (UTC+04:00)

"Son illər Macarıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bir müddət əvvəl ölkələrimiz arasında imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, digər qarşılıqlı sənədlər Azərbaycanla Macarıstan arasında əməkdaşlığı yeni mərhələyə çıxarıb və əlaqələr gündən-günə dərinləşir". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq: "İlk növbədə qeyd etmək lazımdır ki, Macarıstan şirkətləri ölkəmizin kənd təsərrüfatı, nəqliyyat və digər sektorlara böyük həcmdə sərmayələr qoyub. Azərbaycan şirkətləri də Macarıstana investisiya yatırıb. Əminliklə demək olar ki, bu səfərdən sonra hər iki ölkəni təmsil edən şirkətlər qarşılıqlı sərmayə yatırımlarını daha da artıracaqlar. Bu da idxal-ixrac əməliyyatlarının artmasına gətirib çıxaracaq".

Ekspert sözlərinə davam edərək bildirib ki, enerji layihələrini də xüsusi vurğulamaq lazımdır: "Bu sahədə də ciddi irəliləyişlər var. Macarıstan Cənub Qaz Dəhlizi layihəsinə önəm verir və dəstəkləyir. Yaşıl enerji layihələrinin reallaşdırılmasında Macarıstan-Azərbaycan əməkdaşlığı önəm kəsb edir. Macarıstan son illər türk dünyasına inteqrasiya edir. Məlum olduğu kimi bu ölkə Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunur. Əlbəttə ki, bu amil də münasibətlərin gələcəyi üçün geniş perspektivlər açır. Macarıstan Avropa İttifaqının mühüm üzvlərindəndir. Azərbaycan son illər Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir, etibarlı tərəfdaş kimi önə çıxır. Avropanın əvəzedilməz enerji təminatçısı kimi Azərbaycan-Macarıstan hərtərəfli əlaqələrinin böyük gələcəyi var".