Səfirliyimizə edilən terror hücumu Braziliya mətbuatında

28 Yanvar 2023 22:38 (UTC+04:00)

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı Braziliya mətbuatında çoxsaylı məqalələr dərc olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, lkəmizin Braziliyadakı səfirliyindən bildiriblər ki, məqalələrdə “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxsin səfirliyin binasına hücumu nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisinin həlak olduğu, iki əməkdaşın isə yaralandığı qeyd edilib.

Yazılarda vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dərhal paylaşım edərək, bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Azərbaycan Prezidenti diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu bildirib.

Qeyd edilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanatında baş verənlərin terror aktı olduğunu qeyd edib və bu hücumla bağlı hərtərəfli təhqiqat aparılması və günahkarların məsuliyyətə cəlb olunması tələbini diqqətə çatdırıb.

Məqalələrdə səfirliyimizə xain hücumun dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənildiyi və qəbuledilməz hesab olunduğu da vurğulanıb. Bildirilib ki, bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.