İştirak etsinlər, amma neytral bayraq altında...

28 Yanvar 2023 18:13 (UTC+04:00)

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Belarus və Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında neytral bayraq altında iştirak edə biləcəklərini deyib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri xəbər yayıb.

“...İdmançıların pasportlarına görə ölkədən çıxarılması Olimpiya Xartiyasının dəyərlərinə və missiyasına uyğun gəlmir. Ola bilsin ki, Rusiya və Belarus idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada neytral bayraq altında mübarizə apara bilsinlər”, - qeyd etdiyimiz kimi Bax deyib bunu.

BOK rəhbərinin sözlərinə görə, heç bir dövlətin idmançıları ölkələri münaqişə vəziyyətində olsalar belə, ayrı-seçkiliyə məruz qalmamalıdırlar, çünki bu, idman prinsiplərinə ziddir.

BOK-un missiyası isə Ukrayna hakimiyyətinin təklif etdiyi kimi xalqları təcrid etmək deyil, birləşdirməkdir. Ona görə də biz təkcə Rusiyanı bir dövlət kimi təcrid etmək deyil, həm də bütün rusları tamamilə təcrid etmək istəyən Ukraynanın nöqteyi-nəzərini bilirik- deyən Bax, ayrı-ayrı idmançılara münasibətdə bu mövqe ilə razılaşmadığını bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda neytral statusda iştirakının mümkünlüyü ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin yeni mövqeyindən məyus olduğunu bildirmişdi.

Ağasəf Babayev