Azərbaycan səfirliyinə hücumun şəxsi səbəblə olduğu deyilib

28 Yanvar 2023 15:12 (UTC+04:00)

Cümə günü silahlı şəxs Azərbaycanın İrandakı səfirliyinə hücum edərək mühafizəçini güllələyib və daha iki nəfəri yaralayıb. Bakı bunu Tehranın təhlükəsizliyin gücləndirilməsi ilə bağlı çağırışlarına məhəl qoymamasının nəticəsi olduğunu bildirərək, “terror aktı” adlandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tehran polisi şübhəli şəxsi həbs etdiklərini və İran rəsmilərinin hadisəni pislədiklərini, lakin hücumun hər hansı siyasi motivə bağlı olmadığını bildirib.

İnsident Bakının bu ay İsrailə ilk səfirini təyin etməsindən sonra Azərbaycanla İran arasında gərginliyin artması fonunda baş verib.

“Hücum edən şəxs mühafizə postunu yararaq Kalaşnikov avtomatı ilə mühafizə rəisini qətlə yetirib”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Sosial şəbəkələrdə yayılan videoda silahlının mühafizə postunun yanından qaçıb səfirlik binasına zorla girərək qapıdan atəş açdığı görünür.

İranın xarici işlər naziri Hüseyn Abdollahian hökumət saytına istinadla, sübutlara və ilkin müşahidələrə əsaslanaraq, hücumun səbəbinin "tamamilə şəxsi" olduğunu söyləyib.

O həmçinin bildirib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyində və diplomatların da normal fəaliyyətin davam etdirilməsi üçün lazımi təhlükəsizlik tədbirləri görülüb.