İran hakimiyyətini Azərbaycan səfirliyinə edilən hücumu araşdırmağa çağırırıq- Fransa XİN

28 Yanvar 2023 13:27 (UTC+04:00)

Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.

SİA xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

“Biz həlak olan şəxsin ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa istənilən hücum qəbuledilməzdir.

Biz İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırırıq”, - bəyanatda vurğulanıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.