"Bu hücum İranın dövlətimizə qarşı təxribatçı mövqeyini göstərir" - DEPUTAT ŞƏRH ETDİ

28 Yanvar 2023 13:38 (UTC+04:00)

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktıdır. Bu hücum beynəlxalq normaların, diplomatik prinsiplərin ciddi şəkildə pozulması deməkdir. Bunun məsuliyyətini sözsüz ki, İranın hakimiyyət dairələri daşıyır. Çünki səfirliyin mühafizəsi və oradakı işçilərin təhlükəsizliyinə bilavasitə İran cavabdehdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Rzayev deyib.

Onun sözlərinə görə, İranla Azərbaycan münasibətlərinin son zamanlar kəskinləşməsi, onların anti-Azərbaycan təbliğatı və baş vermiş hadisə göstərir ki, İran İslam Respublikası dövlətimizə qarşı təxribatçı mövqedədir: “Bu mövqe əvvəllər də bir neçə dəfə özünü göstərib. Ötən gün baş vermiş bu qəsd də həmin mövqeyin bir nəticəsi hesab olunmalıdır. İstər Qarabağ münaqişəsi başlanan dövrdə, istərsə Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə, istərsə də 44 günlük dövrdə və bu gün İran İslam Respublikası bizə düşmən olan Ermənistanın yanında olub onlara dəstək verirlər".

Deputat sözlərinə davam edərək bildirib ki, bu dəstək insanların təhqir və təqib olunması, Azərbaycana qarşı təbliğatın aparılmasıdır: “Ona görə də bu hadisənin baş verməsi İranın Azərbaycana qarşı tutduğu yanlış mövqeyin nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti daimi olaraq İranın hakim dairələrinə xatırladıb ki, biz qonşuluq münasibətlərini yaxşılaşdırmalı, əməkdaşlığı möhkəmləndirməli və bir-birimizə dəstək olmalıyıq. Çox təəssüf ki, İran dövləti bu mövqeyi düzgün dəyərləndirmir və düşmən qüvvələrə dəstək verməklə öz çirkin siyasətini həyata keçirir. Əlbəttə ki, Azərbaycan hökuməti bu barədə ciddi tədbirlər görməlidir. Ölkə rəhbərimiz artıq öz sözünü deyib, müvafiq orqanlar bu barədə öz fikirlərini bildiriblər. Bu fikirlər İran hakimiyyətindən tələb edir ki, bu qəsdə əl qoyanları lazımi məsuliyyətə cəlb etsin və bununla əlaqədar mühüm tədbirlər həyata keçirilsin. Sözsüz ki, biz diplomatik əlaqələri kəsməyin tərəfdarı deyilik. İran İslam Respublikasında bizim 30 milyondan çox soydaşımız yaşayır və biz onların taleyi barədə daimi olaraq düşünürük. Ancaq bu terror nəinki bir nəfərə, bütün Azərbaycan xalqına yönəldilib. Azərbaycanla yanaşı, bir çox dünya ölkələrinin rəhbərləri bu terroru pisləyir və mənfi münasibət bildirirlər. Eyni zamanda, bəyanatlarda mühüm bir amil qeyd olunur ki, İran daimi olaraq terroru dəstəkləyib və terrorçularla sıx əlaqədardır. Ona görə də terrorçu dövlətdən hər şey gözləmək olar”.