"Gələcəkdə münasibətlərin necə olacağı İrandan asılıdır" - KOMİTƏ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

28 Yanvar 2023 11:35 (UTC+04:00)

“Dünən Tehran şəhərində Azərbaycan səfirliyinə edilən hücum terror aktıdır. Bu, Azərbaycan dövlətinin ərazi və suverenliyinə edilmiş bir qəsddir”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, İran tərəfi üzərinə düşən öhdəliyi kifayət qədər yerinə yetirə bilmədi: “İran ərazisində yerləşən diplomatik binaların mühafizəsini təşkil edə bilməməklə Vyana konvensiyasının tələblərini pozmuşdur. Görünən budur ki, səfirliyimizə hücum edilərkən İranın mühafizə çəkən əməkdaşı baş verən hadisəyə laqeyd münasibət göstərməklə, hətta oturduğu yerdən tərpənməyib. Bu, İranın Azərbaycana, beynəlxalq konvensiyaya olan münasibətidir. Biz bunu qətiyyətlə pisləyirik”.

Sədr sözlərinə davam edərək bildirib ki, bu iki ölkə arasında münasibətlərin bundan sonra necə olacağı İran tərəfindən asılıdır: “Həbs edilmiş şəxslə davranış, onun mühakiməsinin ədalətli şəkildə aparılması, ona layiqli cəzanın verilməsi və istintaqla bağlı Azərbaycanın mütəmadi məlumatlandırılması və s. İranın vəzifə borcudur. Hələlik, səfirliyin əməkdaşları təxliyə edilir və yəqin ki, səfirlik müvəqqəti olaraq bağlanacaqdır. Amma İran bu terror aktının istiqamətini dəyişməyə cəhd edəcəksə, bunu ailə-məişət zəminində baş vermiş hal kimi qiymətləndirməklə yaxasını kənara çəkməyə çalışacaqsa, təbii ki, münasibətlər gərginləşməyə davam edəcəkdir. Hər hansı bir səbəbdən asılı olmayaraq terrorçu ilə Azərbaycan səfirliyinin əməkdaşları arasında narazılıq olsaydı belə, bu, İran vətəndaşının səfirliyə, əməkdaşlarımıza hücumuna əsas vermirdi. Ona görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. Azərbaycan məsələ ilə bağlı İranın hər bir addımını diqqətlə izləyir. Əgər İran Xarici İşlər Nazirliyinin dünən axşam etdiyi üzrxahlıq açıqlamasını nəzərə almasaq, bu addıma qədər İran tərəfindən edilən hərəkətlər, açıqlamalar bizi qane etmirdi. Bundan sonra İran beynəlxalq hüquq normalarına əməl edəcək, bu məsələ ilə bağlı obyektiv addımlar atacaq və Azərbaycandan üzr istəyəcəksə, yəqin ki, diplomatik münasibətlər davam etdiriləcək”.