"İran istəsə də məsuliyyəti üzərindən ata bilməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

27 Yanvar 2023 19:35 (UTC+04:00)

"İranda Azərbaycan səfirliyinə silahlı hücum, 1 nəfər soydaşımızın qətlə yetirilməsi terror hadisəsidir. Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Prezident İlham Əliyev də bu terrorla bağlı addım atılmasını tələb edən paylaşım edib. Ümumiyyətlə, İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir. Məsələ burasındadır ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, hadisəni törədən şəxsin İran vətəndaşı olması, onun bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqəli olduğu istisna edilmir: "Səfirliyin mühafizəsi hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi. İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyə uşaqla gəlməsi kimi yalan məlumatlar yayır. Hadisənin əks olunduğu kadrlardan da aydın olur ki, polis cinayətin qarşısını almaqda maraqlı deyil. Hazırda bütün bunlar yalandır və İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür".

Deputat sözlərinə davam edərək bildirib ki, görünən budur ki, Cənubi Azərbaycanda 40 milyon soydaşımızın heç birinin toxunulmazlığına zəmanət yoxdur: "Bütün beynəlxalq təşkilatlar bu hadisəyə reaksiya verməli, terror aktı kimi qınanmalıdır. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də etiraz bəyanatı verib. Dünya ictimaiyyətinin diqqəti bu cinayətə yönəlməli, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməlidir".