İran səfirliyimizdə terror aktı keçirməklə qırmızı xətti keçdi ŞƏRH

27 Yanvar 2023 17:37 (UTC+04:00)

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə onun dostlarını sevindirdiyi kimi dostlarını da pərişan etdi. Uzdə dost-qardaş olan İran dövləti və bu ölkənin rəsmiləri müharibə başa çatandan indiyədək yalnız Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğul idi. Qələbədən sonra rəsmi Bakı İrana çox yaxşı layihələr təklif etmişdi. Azərbaycan Qarabağda İranla da bəzi layihələri birgə reallaşdırmağı düşünürdü. Amma görünən odur ki, İran obyektiv reallığı dərk edib düzgün nəticə çıxarmağı bacarmadı. Təəssüf ki, teokratik İran rejimi İslam bayrağı altında sələflərindən miras qalan şovinist siyasətini davam etdirməkdədir. Bu da sözsüz ki, bölgə üçün yaxşı nə isə vəd etmir.

İlk olaraq Azərbaycanla sərhədlərdə hərbi təlimlər keçirdi. Halbuki 30 ilə yaxın müddətdə ermənilər tərəfindən dini abidələrimiz və məscidlərimiz təhqir ediləndə molla rejimi səsini çıxarmadı. Təlimlərin nəticəsi olmadıqda dünyanın müxtəlif şəhərlərində səfirliklərimizə basqınlar da İran xüsusi xidmət orqanlarının əməlləri idi. Amma Azərbaycan dövləti olaraq bütün bu proseslərdə səbr nümayiş etdirərək, hadisələrin beynəlxalq konvensiyalara uyğun olaraq dəyərləndirilməsinə səy göstərdik. Təəssüf ki, İran bu dəfə daha irəli gedərək özü qırmızı xətti keçdi. Azərbaycanın Tehranda olan mülkünə və Azərbaycan vətəndaşlarına silahlı hücum təşkil etdi. Bu, o deməkdir ki, İranın molla rejimi bu hərəkətlə Azərbaycan dövlətinə və vətəndaşlarına gözdağı vermək istəyir. Hazırda terror aktının izini itirmək üçün Tehran şəhərinin Baş polisinin dili ilə müxtəlif bəhanələrə əl atılır, hadisəyə məişət donu geyindirməyə çalışırlar. Amma bu terror aktı, qanlı hadisə dəqiq araşdırılmalı, motivləri obyektiv açıqlanmalıdır.

Bu gün Azərbaycan vətəndaşları, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımız artıq öz mövqelərini bütün sosial şəbəkələrdə açıq aydın bildirirlər. Hamı Azərbaycan dövlətinin və Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu çətin vəziyyətdən çıxmağa ümidlidir.

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri