Nə qədər terror?.. - TƏHLİL+ YANAŞMA

27 Yanvar 2023 16:38 (UTC+04:00)

1989-1990-ci illərdən bəri Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları başlanandan xalqımız bir-birinin ardınca onlarla terror hadisəsi ilə qarşılaşıb. Bunlar Ermənistanın Azərbaycana qarşı törətdiyi amansız terrorlardır. Bu terrorlar miqyasına və törədilməsinə görə soyqırımından, faciədən, qırğın-qiyamətdən, didərginlikdən, təxribatdan, hiyləgərlikdən qat-qat yuxarıda dayanır.

2020-ci ilin sentyabr ayınadək ötən 30 illik zaman kəsiyində olmazın terrorları ilə üz-üzə gəldik. 20 Yanvar 1990-cı ildə Bakıda törədilən qətliamı deyək, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecədəki Xocalı faciəsini deyək, 1989-1990-cı illərdən başlayaraq ermənilərin sərhədlərimizə basqınlarını, yüzlərlə övladımızın vəhşicəsinə qətlə yetirilməsini deyək, Birinci Qarabağ Müharibəsindəki insanlığa qarşı dəhşətli hadisələri deyək, soydaşlarımızın zorla ata-baba yurdlarından qovulmasını deyək, 20 faizdən artıq torpaqlarımızın işğalını, bu torpaqların yeraltı və yerüstü sərvətlərinin talanmasını deyək, ermənilərin əli ilə xarici ölkələrdə yaşayan soydaşlarımın qətlə yetirilməsini deyək, bəzi ölkələrdəki səfirliklərimizə hücum aksiyalarını təşkil etdiklərini deyək, 44 günlük Vətən müharibəsindən sonra minlərlə soydaşımızın mina qurbanı olmasını deyək, yenə də torpaqlarımızda erməni qruplaşmalarının ekologiyamıza vurduğu ziyanı, bu terrora qarşı ekofəalların artıq 47-ci gündür ki, keçirdikləri etiraz aksiyasını deyək, hansını deyək ki, erməni xislətini açıq ortaya qoya bilsin.

Bu gün Tehranda Azərbaycan səfirliyinə hücumun, bu rəsmi qrumda azərbaycanlı vəzifəli şəxsin qətlə yetirilməsi, səfirlik əməkdaşlarının yaralanması videosunu seyr edərkən adamda belə bir fikir formalaşır ki, burada da sözsüz ki, erməni əli vardır. Bəs nə qədər terror?..

Səfirliklərimizdə terror

2020-ci ilin Tovuz hadisələrindən dərhal sonra səfirliklərimizə basqınları, diplomatlarımıza qarşı təcavüzləri yaxşı xatırlayırıq. 12-14 sentyabr hadisələrindən sonra belə hal ABŞ, London, Livan, Fransa və digər ölkələrdə təkrarlanıb. Bu ölkələrdə yaşayan ermənilərin müxtəlif qruplaşmalar, bəzən isə açıq şəkildə səfirliklərimizə hücumu və həmin dövlətlərin buna göz yumması erməni sevdalılarının onları müdafiə etmək istəyindən başqa bir şey deyil. Erməni sevdalıları deyirik. Əslində isə bu, bir sevda deyil. Həmin dövlətlərin erməniləri çox yaxşı tanımasından irəli gələn haldır. O mənada ki, həmin dövlətlər erməni kimi xislətsiz qəbiləni əldə saxlayıb ondan bəzi məqamlarda istifadə etməyi zamanın sınağından çıxarmış, bu səbəbdən də ermənini əldə saxlamağın onlara etdiyi sərfi digər bir xalqın dövlət qurumuna hücumdan üstün hesab edirlər. Haqqın, ədalətin kimin tərəfində olduğunu çox yaxşı bilən, lakin 30 ildəki kimi yenə də qulaqlarını pambıqlayan, gözlərini yumanlar onu da yaxşı bilməlidirlər ki, bütün dünyaya kim olduqlarını sübut edirlər. Sübut edilər ki, ötən 30 ildə Azərbaycanın bütün beynəlxalq təşkilatlar qarşısında Qarabağla bağlı qaldırdığı tələbə niyə susurduq. Sübut edirlər ki, 30 ildə Qarabağ mövzusu ortaya gələndə niyə özümüzü karlığa vururduq. Lakin unudulmayacaq bir məsələ də var ki, səfirliklər, onların yerləşməsi, təhlükəsizliyi haqqında bütün dövlətlər üçün qanunauyğunluqlar mövcuddur. Və bu qanunları pozmağa, təxribata yol verməyə heç kimin haqqı və hüququ yoxdur. Bunun üçün hər hansı münaqişənin törədilməsinə yol verən dövlət beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Bütün bu hadisələrin fonunda demək olar ki, Tehranda Azərbaycan səfirliyində törədilən terror aktında da ermənilərin əli olmaya bilməz. İranda baş verən hadisələr, orada yaşayan azərbaycanlılara molla rejiminin tutduğu divan, insanların bu rejimə qarşı mübarizəyə qalxması, rejimin ermənipərəst addımları onsuz da bir neçə vaxtdır ki, iki ölkə arasında münasibətlərin kəskin şəkildə dəyişməsi ilə müşahidə olunurdu. Belə bir vaxtda səfirlikdə bu hadisənin törədilməsi çox güman ki, ermənilərin hadisələrdən növbəti dəfə yararlanmasıdır.

Həmişə qızışdırıcı mövqedə olan, yalan xislətli, fırıldaqçı ermənidən bundan fərqli nə gözləmək olar ki?.. Bəs nə qədər terror?..

Mina terroru

Dünya susur, susduqca da ermənilərə əl-qol verir, onları azərbaycanlılara qarşı yeni terror hadisələri törətməyə şövqləndirir.

Artıq iki ilə yaxındır düşmənin minalanmış ərazilərin xəritəsini verməli olduğu halda verməməsinə də susurlar. Bu isə müharibədən ötən dövr ərzində dəfələrlə insanların minaya düşərək həyatlarını itirməsinə səbəb olub. Bu hadisələrin növbətisi ötən il avqustun 2-də baş verdi. Minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək müxtəlif bədən xəsarəti alması ermənilərin Azərbaycana qarşı terror siyasətinin davamıdır.

Bu və bundan əvvəl bir neçə dəfə soydaşlarımızın minaya düşərək həyatlarını itirməsi və ya ağır bədən xəsarəti alması Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir. Lakin onlar bunu etmir, dünya da bu qədər insan ölümünə susur, susur...

2021-ci ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində azərbaycanlı jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza demişdi: “Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq”.

Həmin çağırışdan bir ildən artıq vaxt keçsə də, lakin hələ də Minsk qrupu, Avropa İttifaqı bu insan itkilərinə reaksiyasız şəkildə öz fəaliyyətlərini davam etdirirlər. Elə bu səbəbdən də artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq, deyən dövlətimizin başçısı fikrini belə tamamlamışdır: “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.

Cenevrə Konvensiyasına və beynəlxalq protokollara görə tərəflər minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidirlər. Ermənistan isə beynəlxalq sənədlərə, dövlətinin rəsmisinin imzaladığı kapitulyasiya aktına zidd olaraq xəritələri hələ də Azərbaycana təqdim etmək fikrində deyil. Hələ üstəlik həyasızcasına bu xəritələrin, ümumiyyətlə, olmadığını da iddia edirlər. Lakin bu, onların növbəti yalanı, məğlubiyyətlərinin acısından gizlətdikləri, əslində isə var olan xəritələrdir.

Birinci Vətən Müharibəsindən sonra 2000 nəfərdən çox soydaşımız mina qurbanı olmuşdur. Bu gün azad etdiyiniz torpaqlarımızın isə təqribən 13 kvadratkilometri minalarla əhatə olunmuşdur. Bu ərazilərdə dəfələrlə bədbəxt hadisələrin baş verməsi minalanmış ərazilərin xəritəsinin olmaması səbəbindəndir. Odur ki, mina qurbanı olan soydaşlarımızın sayı 3000-ə yaxınlaşır. Bu terrora nə vaxt son qoyulacaq?

Ekoloji terror

1988-1990-cı ermənilər tərəfindən sərvətlərimizin talan edilməsi, ekologiyamıza vurulan milyonlarla manat dəyərində ziyan illərdə Birinci Vətən Müharibəsinə aparan yolun başlanğıcı oldu.

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana əsl təbiət möcüzəsi idi, meşənin heyvanat aləmi ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar vardı.

Həmin dövrdə eşitdik ki, işğalçı ermənilər sərvətlərimizi talan edir, meşələrimizi qırıb daşıyırlar. Təxmini məlumatlara görə, Topxanadan 2000 ədəddən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.

30 il sonra topraqlarımız işğaldan azad ediləndən, düşmənə 2020-ci ilin 44 günlük payızında həddi göstəriləndən sonra yenə də terror hadisələrindən yaxa qurtara bilmirik. Ötən ilin sonlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası artıq 47 gündür ki, davam edir.

Bu aksiyaya ölkənin müxtəlif regionlarından olan fəallar qoşulur. Etirazçıların tələbləri dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

47 gündür, xalqımızın nümayəndələri qışın bu soyuqlu-sazaqlı havasında Laçın-Şuşa yolunda sülhdən və insanlıqdan əsər-əlaməti olmayanlarla üz-üzədirlər. Televiziya və internet üzərindən izlədiyimiz aksiya könlümüzü qürur hissi ilə doldurur. Aksiya iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz”, Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Qarabağ Azərbaycandır!” kimi şuarlar, Vətən, torpaq haqqında mahnılar səsləndirir, ekoloji terrora son qoyulmayanadək aksiyanı davam etdirəcəklərini bildirirlər. Bütün bunları izləyərkən yenə də deyirsən: axı nə qədər terror?

İnsan terroru

Hələ 1905-1907, 1918, 1948-1954 və 1988-ci illərdə ermənilərin azərbaycanlılara qarşı deportasiya və soyqırımı vəhşiliyindən danışmıram. 1990-cı ildən bu yana olan insan terrorundan söhbət açmaq istəyirəm.

Birinci Qarabağ Müharibəsində sərhədlərimizdə və müharibə bölgəsindən uzaq ərazilərdə insanların qətlə yetirilməsindən, ermənilərin insan terroru həyata keçirməsindən danışmaq istəyirəm. 20 Yanvar-bəli, məlumdur kimlər tərəfindən törədildi. Lakin bu hadisədə erməni barmağının olmadığını kim deyə bilər?

Xocalı faciəsindən söhbət açaq. Bütün bəşəriyyətə və insanlığa qarşı ağır terror hadisəsi olan bu faciə nə üçün törədilməli idi? Nə üçün bütün dünya bu qədər ağır hadisəyə göz yumdu, qulaqlarını tıxadı? Bax elə bu səbəbdən ondan sonra da terror hadisələri yaşanacaqdı. Çünki o, cavabsız, cəzasız qalmışdı. Deməli, davam etdiriləcəkdi.

İkinci Qarabağ Müharibəsində 44 gündə ermənilərin dinc əhalinin yaşadığı əraziləri nəhəng artilleriyalardan atəşə tutmasına, evləri-həyətləri dağıtmasına, insanların ömrünü sonlandırmasına, Gəncəyə atdıqları raketlə neçə-neçə uşağın ölməsinə, valideynlərini itirməsinə, dağıntılara səbəb olmasına da dünya susdu. Etirazını bildirmədi. Ermənilərin bu vəhşiliyinə reaksiya verilmədi. Deməli, davamını da görəcəkdik. Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində baş verən terror aktı kimi...

Hər hansı bir ölkənin ərazisində yerləşən səfirliyin təhlükəsizliyinə həmin ölkənin cavabdeh olduğunu nəzərə alaraq görək İran bu hadisə fonunda necə hərəkət edəcək, bu terror aktını necə araşdıracaq, ortaya nələri çıxaracaq? Bir çox ölkə rəsmilərinin münasibət bildirdiyi bu terror hadisəsi inanaq ki, cəzasız qalmayacaq. Burada kimin nə dərəcədə günahının olduğu aşkar ediləcək və günahkar cəzasını çəkəcəkdir. Bunu o qədər böyük ümidlə gözləyirik ki... Çünki aydın şəkildə bilirik ki, dünya susduqca, terrorlar artır. Xüsusilə erməni terroru və ermənilərin barmağı olan terrorlar.

Axı nə qədər terror görəcəyik? Nə vaxta, nə zamanadək? Bəsdir ta. Bu terrorları törədənlərə ar olsun!

Mətanət Məmmədova