“Baş verən hadisə açıq-aşkar terrordur və terrorçular mütləq cəzalandırılmalıdır.” - Hacı Surxay Məmmədli

27 Yanvar 2023 16:21 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Surxay Məmmədli Cümə xütbəsində bu gün Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib.

O, mətbuata açıqlamasında söyləyib ki, bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsi məni bir azərbaycanlı kimi dərindən sarsıtdı: “Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.