Erməni faşist ideologiyası: terror aktları TƏHLİL

27 Yanvar 2023 16:02 (UTC+04:00)

İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə zidd qanlı cinayətlər

Müasir dövrün ən təhlükəli təzahürlərdən biri olan terrorizmin acı nəticələrini hələ də dünyamız yaşamaqdadır. İnsan tələfatları ilə nəticələnən və güclü psixoloji gərginliklər yaşadan terrorizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Azərbaycan da terrordan əziyyət çəkən dövlətlər sırasındadır. Zaman-zaman Azərbaycan qarşı ermənilər tərəfindən terror aktları törədilmiş və bunun acı nəticələrini yaşamışıq. 23 il bundan əvvəl tarixin bu günündə 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulması terrorun acı nəticəsidir. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. 44 nəfərin həlak olunması erməni faşist ideologiyasını bir daha üzə çıxarır. Xatırladaq ki, hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqaları var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.
Göründüyü kimi, real həyatda terror aktlarından daha çox günahsız kütlə, dövlət adamları ziyan çəkir. Müasir dünyanın toqquşduğu əsas və təhlükəli problemlərdən olan terrorizm daha çox siyasi, etnik, dini və s. zəminində yaranır. Əlbəttə ki, bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər. Azərbaycanın tarixində belə hadisələrin sayı kifayət qədərdir. 20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmasında cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Bu, o illərdə Xankəndidə törədilmiş ilk və son terror deyildi. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, şəhərdə terror, sui-qəsd və hücum aktları kifayət qədər törədilib.

QARABAĞ MÜNAQİŞƏSİNİN İLK QURBANLARI

1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlanılıb. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıblar. Bu, Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb olub. Bundan sonra sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərib. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlanıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş edib və onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirilib və çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Qarabağ münaqişəsinin ilk qurbanları olublar. Bu, bir daha ermənilərin terrorçu olduğunu sübut edən dəlillərdir. Belə ki, 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib. 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. İllər uzunu ölkəmizin demək olar ki, hər bir yerində ermənilər tərəfindən törədilən bu və ya digər faciələri, qətliamlar yaşamışıq. Vurğulamaq yerinə düşər ki, sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verib və həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılıb. Bu, erməni özbaşınalığı, erməni saxtakarlığıdır. Tarixi ədalət hər zaman bərpa olunur. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki, "Xankəndi" adı bərpa edilib.

TERROR AKTLARI VƏ MÜHARİBƏ CİNAYƏTLƏRİ

Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçirmişdilər. Hələ sovet dövründə yaşadığımız illərdə 8 sentyabr 1984-ci ildə Bakıda 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. Hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərildi. Əlbəttə ki, bu ermənipərəst qüvvələrin himayəçilərinin əməlləri idi. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışlar. 5 adam həlak olmuş və 25 nəfər yaralanmışdır. 13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır. 24 mart 1990-cı ildə "Noraşen-Bakı" yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür. Bu siyahını artırmaq üçün əsas dəlillər çoxdur. Hər bir terror aktında insan ölümü diqqəti çəkir. Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. 44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Müharibə getməyən ərazilərimizdə Gəncədə, Mingəçevirdə, Bərdədə yaşından asılı olmayaraq uşaq da, gənc də, qoca da bu terrorların acı nəticəsini yaşamış oldu.

ERMƏNİ VANDALİZMİNİN AZYAŞLI QURBANLARI

30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermiş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verirdi. Bütün olayları dəqiqliklə işıqlandıran KİV-lər Azərbaycanın haqlı mövqeyinə göz yuma bilmirdilər. Ermənistan tərəfindən həyata keçirilən terror aktları və müharibə cinayətlərinə etinasızlıq göstərilmədi. Vicdanla öz vəzifə borclarını yerinə yetirənlər Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşə tutmasını, nəticədə çox sayda mülki şəxsin həyatının itirməsinin şahidinə çevrildilər. Bu tarixdir: erməninin terrorçuluq əməllərinin izi və tarixi. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Lənnətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Bunu silmək, yox etmək qeyri-mümkündür. Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddan çıxarmı? Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Dünya, insanlıq bu faciəni necə qəbul edə bilər? Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini qatili olan erməni. O erməni ki, 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu.
1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.

Nəzakət ƏLƏDDİNQIZI