Bəri bax... KÖŞƏ

27 Yanvar 2023 12:08 (UTC+04:00)

Biz görəsən mahnılarımızın, musiqilərimizin başına nə üçün bu oyunları açırıq? Nədir onların günahı? Budur ki, illər, əsrlərdir, bizim nə qədər böyük mədəniyyətə malik bir xalq olduğumuzu təsdiqləyiblərmi? Belə isə nə istəyirik onlardan? Nə üçün qoymuruq öz gözəl ritmlərində, öz bənzərsiz donlarında qalsınlar...

İki gündən bir ya ritmlərini dəyişdiririk, ya sözlərini ixtisar edirik, nə isə, bir də baxırsan ki, filan müğənninin yeni mahnısı təqdim olunub. Dinləyirsən ki, yox, yeni-zad deyil. Köhnə xalq mahnılarımızdan biridir, sadəcə ritmini dəyişdirib yeni mahnı adı ilə təqdim edib. Yüzlərlə belə mahnılarımız var ki, onun orijinal vəziyyətindən əsər-əlamət qalmayıb. Tamamilə “müasirləşdirilib”.

Elə bu günlər müğənni Damlanın yeni mahnısı “Bəri bax” kimi... Əslində bu xalq mahnısının adı “Ay bəri bax”dır. “Ay” sözü ixtisar olunub, atılıb bir kənara. Böyük qəbahətdir. Bu, bir.

İkincisi, uzun illərdən bəri xalq mahnısı kimi dinlədiyimiz və yaddaşlarımıza köçürdüyümüz mahnının ritmini dəyişdirib qulaqlarımıza tamamilə yad bir formaya salıblar. Həm də Damla xanım sanki mahnı oxumur, şeir söyləyir.

Üçüncüsü, mahnı “Bəri bax” kimi təqdim olunsa da, oxunsa da, arada “Səkinə dayqızı lay-lay”a keçid alır və yenidən “Bəri bax”a qayıdır. Həm popuri kimi bir şey, həm də yox...

Bəlkə də məni qınayan olar ki, get işinlə məşğul ol, bunu anlamaq üçün musiqi təhsilin olmalıdır. Lakin vallah, illərlə dinlədiyimiz bir mahnıya yamaq o qədər diqqəti cəlb edir ki, buna təhsil-zad lazım deyil.

Dördüncüsü, mahnıda aradabir qarışıq bir səs-küy də eşidilir ki, bunu da əsla anlamadım.

Anladığım budur ki, bizim xalq mahnımız birincisi, öz məhvərindən çıxarılıb bu cür anlaşılmayan, xalq mahnısına layiq olmayan ritmə salınıb.

İkincisi, gəlin bir xarici ölkələrə - ingilisə, almana, rusa, nə bilim kimə aid bir mahnı göstərin ki, o mahnıda aradabir Azərbaycan dilində bir kəlmə keçsin. Sizi bilmirəm, mən rast gəlməmişəm.

Üçüncüsü isə, vallah, belə olanda, şair demişkən, dəli bir ağlamaq keçir könlümdən. Nə üçün keçir?

Çünki bizim borcumuzdur ki, xalq mahnılarımızı, rəqslərimizi, oyunlarımızı, adət-ənənələrimizi olduğu kimi qoruyub bu günlərə gətirək ki, bu gündən də gələcək nəsillərə ötürə bilək.

Maraqlıdır, deyilmi? Hərəmiz mahnılarımıza bir ritm, bir söz, rəqslərimizə bir addım, bir jest, oyunlarımıza bir “müasirlik”, adət-ənənələrimizə bir yenilik artırarıqsa, bir neçə ildən sonra onlardan nə qalar ortalıqda? Hə, bax, belə olanda, elə bu yeni mahnıda deyildiyi kimi bəri baxa bilməyəcəyik. Çox uzaqlara baxmış olacağıq və mahnılarımızın, musiqilərimizin, rəqslərimizin, oyunlarımızın, adət-ənənələrimizin çox uzaqda qaldığını görəcəyik.

Hə, onu da görəcəyik ki, bizim unutduqlarımızı və unutdurduqlarımızı kənardan hop götürüb adlarına çıxıb orijinalda olduğu kimi oxuyurlar. Belə olanda da yanıb-yaxılacağıq, qələmi əlimizə götürüb başlayacağıq yazmağa ki, yox, bu, belə deyil.

Lakin bu qələm ki var, onu vaxtında ələ götürüb mahnılarımızı düşdüyü yeni dünyadan xilas etsək, uşaq-muşağın məşhurlaşmaq məqsədilə küçələrdə oynadığı yalnış rəqslərimizi xilas edə bilsək, musiqilərimizə əlavə edilən xaric notların qarşısını ala bilsək, oyunlarımızın təhrif olunmuş hissələrinə münasibət bildirsək, adət-ənənələrimizi dünənki kimi yaşatmağa çalışsaq, yaxın gələcəkdə heç bir problemlə qarşılaşmarıq. Və həm də gələcək nəsillər qarşısında hesabatımız dövründə başımızı aşağı dikmərik.

Yazıqdır bu mahnılarımız. Gəlin onları bu kökə salmayaq. Mahnılarımızı elə oxuyaq, elə təqdim edək ki, dinləyici həqiqətən də “Bəri bax”sın, üzünü çevirib, qulaqlarını tutub başqa səmtə baxmasın.

Mətanət Məmmədova