Britaniya səfiri Ağcabədidə Qadın Resurs Mərkəzinin işi ilə tanış olub

26 Yanvar 2023 22:48 (UTC+04:00)

Ağcabədi rayonuna səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Qadın Resurs Mərkəzinin işi ilə tanış olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fergus Oulda “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi haqqında, eləcə də Qadın Resurs Mərkəzinin fəaliyyəti, görülən işlər, həyata keçirilən təlimlər barədə məlumat verilib. Bildirilib ki, mərkəz qadınların sosial-iqtisadi həyatında mühüm rola malikdir.

Səfir Qadın Resurs Mərkəzin üzvləri ilə görüşərək onların hekayələrini dinləyib, “Marketinq, Brendinq və Satış” təlimini uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edib.

Fergus Ould səfər zamanı, həmçinin təlimlərdə iştirak edərək, yüksək nəticə göstərən Asima Mürşüdovaya şirniyyat avadanlığı, Nərminə İsmayılovaya dərzi avadanlığı, Zenfira Quliyevaya dərzi avadanlığı və Rəvanə Qasımovaya gözəllik salonu avadanlıqları təqdim edib.