Özbəkistandan Azərbaycana 100 konteyner göndərilib

26 Yanvar 2023 19:34 (UTC+04:00)

Türkmənbaşı beynəlxalq dəniz limanı Özbəkistandan Azərbaycana “Azərmaş” MMC üçün avtomobil hissələri ilə yüklənmiş 100-dən çox 40 futluq konteynerin tranzit məntəqəsinə çevrilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, avtomobil sənayesində istifadə olunan ehtiyat hissələri “UzAVTO Motors” Səhmdar Cəmiyyətindən göndərilib. Liman vasitəsilə yüklərin daşınması isə Türkmənistanın Nəqliyyat və Logistika Mərkəzi tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən Türkmənistanın Dəniz Ticarət Donanması bu marşrut üzrə tranzitin artırılması məqsədilə Türkmənbaşı-Bakı-Türkmənbaşı istiqamətində konteynerlərin daşınması üzrə fider daşımaları həyata keçirmək üçün “Balkan” gəmisini təhvil verib.

Türkmənbaşı beynəlxalq dəniz limanı 2018-ci ilin may ayında istifadəyə verilib. Yeni liman 152 hektar ərazini əhatə edir və sərnişin, konteyner, toplu, ümumi yük və polipropilen terminallarını əhatə edir. 17 gəmiyə xidmət göstərə bilən yanalma körpülərinin ümumi uzunluğu 1800 metrdir. Liman ildə 300 min sərnişin və 75 min yük maşını qəbul etmək gücündədir. Yeni limanın gücü neft məhsulları istisna olmaqla 17 milyon tondur.