Gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi açılacaq

26 Yanvar 2023 19:10 (UTC+04:00)

“Nur Art House” qalereyasında “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gənc və həvəskar rəssamların iştirakı ilə rəsm sərgisi açılacaq.

“START” layihəsi çərçivəsində reallaşacaq sərgi Gənclər Gününə həsr olunacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov məlumat verib.

Onun sözlərinə görə, layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

Sərgidə müxtəlif mövzuda işlənən 50-dək sənət əsərlərinin nümayişi nəzərdə tutulur.

Fevralın 1-də təşkil ediləcək sərgi üç gün ziyarətçilər üçün açıq qalacaq.