“Piyada vurmalarını geniş diapazonda yanaşmaq olar. Bunu adi vətəndaşlar öz gördüklərinə, maraq dairələrinə uyğun olaraq müəyyən mənada qiymətləndirirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib.
Nəqliyyat eksperti qeyd edib ki, elmi əsaslarla məsələyə yanaşdıqda bu geniş bir şəkildə araşdırma tələb edir: "Yol nəqliyyat hadisələri 3 qrupa bölünür:
1)Baş vermə yerinə görə
2)Ağırlıq dərəcəsinə görə
3)Baş vermə mexanizminə görə
Piyada vurmaları baş vermə mexanizminə görə 10 göstəricidən biridir. Ümumilikdə yol nəqliyyat hadisələri əsasən 2 formada araşdırılır : Obyektiv; subyektiv.
Obyektiv amil dedikdə nəqliyyat vasitələrinin konstruktiv nasazlığı, yolların və müəyyən mühitin təsiridir. Misal olaraq yollarda işıqlandırılmanın zəif olması və s.
Subyektiv amillər isə sürücülərin və piyadaların səhvləri nəticəsində baş verən hadisələrdir. Yol nəqliyyat hadisələri bu qrupların hər iksinin səbəb və amilləri nəzərə alınmaqla analiz olunmalıdır. Harda baş verməsi, yolların işıqlandırılması, hadisənin necə baş verməsi və s.
Obyektiv amillər yol nəqliyyatı hadisəsi olan zaman araşdırılaraq aradan qaldırılmalıdır. Bəzi xarici ölkələrdə yol nəqliyyat hadisəsi zamanı ölüm faktı varsa həmin hadisə ocağının təhlükəsizlik problemləri ilə bağlı müəyyən tədbirlər görülür. Piyada vurulmaları bir çox amillər baxımından sinifləşdirilir. Burada uşaqların, gənclərin və yaşlı insanların yol keçmələri zamanı müəyyən faktorla nəzərə alınmalıdır. Ümumilikdə piyada keçidləri 3 qrupa bölünür:
1)Yer üstü piyada keçidləri. Bunlar nizamlanan və nizamlanmayan olmaqla 2 yerə bölünür.
2)Yer altı piyada keçidləri
3) Estakada keçidləri
Piyada keçidlərinin salınarkən bir sıra qaydalara riayət olunmalıdır. Hazırda bir sıra xarici ölkərlərdə ağıllı piyada keçidləri mövcuddur.
Bəzi yerlər var ki, həmin ərazilərdə şəhərin memarlıq xarakteri baxımından piyada keçidləri qoymaqda çətinliklər olur. İnsanlar bilməlidirlər ki, yol hərəkətinin təhlükəsizliyini özləri təmin etməlidirlər. Hazırda nəqliyyat vasitələrinin bir-birinə toqquşmasının qarşısını almaq məqsədi ilə tədbirlər görülür. Yəni qəzanı yüngülləşdirmək üçün variantlar düşünülür. Lakin piyadaların nəqliyyat vasitəsi ilə vurulması zamanı nəzəri cəhətdən araşdırılma aparılmır ki, burada zərər az olsun. Son zamanlar insanlar maşınlarına plonka vururlar. Bu da sürücülərin toranlıq zamanı görmə şəraitini çətinləşdirir faktların hər biri piyada vurulması zamanı özünü göstərir. Piyadalar ilk növbədə öz davranış qaydalarını bilməlidirlər. Bəzi insanlar yer altı keçidlərdən istifadə etməyib, pilləkanların onlarda narahatçılıq yaratdıqlarını qeyd edirlər. İnsanlar özlərini qoruma üçün bəhanə axtarmamalıdırlar. Piyada vurulmalarının 60-80 faizi piyadanın məsuliyyətsizliyindən baş verir.
Bu nöqtei nəzərdən insanlarda yol keçmək vərdişi yaranmalıdır. Bu kimi halların qarşısını almaq üçün ilkin növbədə maarifləndirici tədbirlər görülməlidir. Mən özüm bununla əlaqədar olaraq “piyada könüllüləri” adlı layihəsi irəli sürmüşdüm. Lakin bu məsələ geniş ictimaiyyət tərəfindən nəzərə alınmadı. Müəyyən bir vaxtlarda Daxili İşlər nazirliyinin xüsusi bölmələri Dövlət Yol Polisinə kömək etmək üçün fəaliyyət göstərdilər. Lakin indi fikrimcə, xüsusi ilə orta məktəblərdə və ali təhsil ocaqlarında bu hal davam etdirilməldir. Onlarda piyada könüllüləri adı altında maarifləndirmə tədbirləri həyata keçirdə bilərlər. Unutmaq olmaz ki, hər bir insanın təhlükəsizliyi onun özünün, ictimaiyyətin və ölkəmizin milli təhlükəsizlik konsepsiyasıdır”.