Təhsil tragikomediyasını qurtarın! – KÜNCDƏN BAXIŞ

26 Yanvar 2023 16:10 (UTC+04:00)

Son vaxtlar orta məktəblərdə baş verən hadisələr haqda mediada və sosial şəbəkələrdə yayılan videolar ciddi ictimai müzakirələrə səbəb olub. Məktəblərdə şagird-müəllim münasibətləri ən biabırçı formalaradək gəlib çatıb, şagirdlərin bir-birini amansızcasına döymələrindən tutmuş, müəllimə qarşı ən tərbiyəsiz hərəkətlər etməsi cəmiyyət və dövlət üçün ciddi siqnaldır. Vəziyyətin bu həddə gəlib çıxmasına müxtəlif səbəblər göstərilir. Lakin onların çoxu məsələyə üzdən baxmaqdır və problemin köklü səbəblərini və həll yollarını göstərmir. Bu yazıda əsil səbəbləri və çıxış yolunu göstərməyə çalışacağıq.

Bəri başdan qeyd edim ki, problem nə müəllimlərdə, nə də şagirdlərdədir. Problemin kökündə Təhsil Nazirliyi və valideynlər dayanır. Biri təhsil verə bilmir, o biri tərbiyə. Son dövrlərdə təhsil sistemi üzərində tətbiq edilən eksperimentlər, kurrikulum sistemi adı ilə, “şagird yönümlü təhsil proqramı” adı ilə tətbiq olunan bu sistem məktəblərdə tamamilə anarxiya və özbaşınalıq yaradıb.

Məktəbin və müəllimlərin tərbiyə vermək funksiyası əlindən alınıb. Hazırda onlar sadəcə təhsil verməklə məşğul ola bilərlər. Uşaqlar istədikləri hərəkəti edə bilər. Hətta müəllimi döymək halları da baş verib. Bütün bunların qarşılığında müəllim heç nə deməməlidir. Şagirdlərin tərbiyəsiz davranışlarına qarşı müəllim tərəfindən görülən tənbehin sonu isə müəllimin cəzalandırılması, bəzən də onun işini itirməsi ilə nəticələnir. Bir çox şagirdlər isə öz növbəsində bu kimi fürsətlərdən necə lazımdır istifadə edir. Artıq onlar bilirlər ki, müəllim onlara bu hərəkətlərinin qarşılığında heç nə deyə bilməyəcək. Hazırda vəziyyət daha da pisə doğru gedir, uşaqlar aqressivləşir, zombiləşir, köhnə ənənələrə sadiq müəllimlər təhsil sferasından uzaqlaşır.

Digər tərəfdən valideynlər övladlarını tərbiyələndirmək xüsusiyyətini tərgidib. “Yevropeyski” psixoloqların təbliğatına görə, “Uşaqlara tərbiyə vermək lazım deyil, uşaqdır nə istəsə edə bilər” prinsipi ilə uşaq hər şeyin mərkəzinə gətirilib. Dünya uşağın ətrafında fırlanır. Uşağın ağzından nə çıxdı o saat yerinə yetirilir, valideynlər və digərləri onun xidmətçisi roluna yiyələnib. Heç bir tənbeh, cəza görməyən uşaqlar tamamilə qudurğan, harın, tərbiyəsiz hərəkətlər edirlər.

Onu da bildirim ki, mən də bu hallarla bağlı tənqidi çıxışlarımı sosial şəbəkələrdə paylaşıram. Minlərlə şərh yazılır. Müəllimlər görmədiyimiz daha dəhşətli faktların olduğunu yazırlar. Biz sadəcə işıqlandırılan, yayımlanan hadisələri görürük. Hazırda vəziyyət çox acınacaqlıdır. Uşaqlar öz ailələrində ala bilmədikləri tərbiyəni məktəbdə nümayiş etdirirlər. Bu, valideynlərin mədəniyyət səviyyəsinin uşaqlar tərəfindən nümayişidir.

Bu məsələlər çox dərindir. Qısa desək, bu kimi hallar uzun illər aparılmış “islahatların” və səhv təbliğatın nəticəsidir. Amerika və Avropa fondlarından maliyyələşən bəzi QHT-lərin nümayəndələri, “hüquq müdafiəçiləri” uşaqlara, onların hər cür hüquqlarının olduğunu, onlara heç kimin heç nə deyə bilməyəcəyini aşılayırlar. Onların beyninə “istədiyinizi edə bilərsiniz, müəllim kimdir ki, sizə nəsə desin, valideyniniz belə sizə heç nə edə bilməz” tipli məlumatlar yerləşdirirlər.

Hazırkı vəziyyətdə yaxın gələcəyi təsəvvür etmək o qədər də çətin deyil. Belə biabırçı hallara son qoyulmalıdır. Təhsilin üzərində aparılan eksperimentlər dayandırılmalı, məktəblərin tərbiyə səlahiyyətləri bərpa edilməlidir. Məktəblərlə yanaşı, valideynlər də uşaqlara tərbiyə verməlidir. Bu kimi halların qarşısı alınmazsa, gələcəkdə kriminal ünsürlərin sayı artacaq, cəmiyyətdə mənəvi deqradasiya daha da sürətlənəcək.

Başa düşməliyik ki, biz insan yetişdirməliyik, beyinləri müxtəlif biliklərlə doldurulan zombilər yox. Eyni zamanda, biz tərbiyədən əlavə olaraq, təhsil də verə bilmirik. Orta məktəblərin təhsil göstəriciləri biabırçı həddədir. Hətta 150-200 balla, yəni 5 ballı şkala üzrə 1-2 qiymətlə universitetlərə daxil olma səviyyəsinə qədər enmişik. Savadsız kütlənin ali məktəblərə daxil olunması prosesi asanlaşır və sabah bu savadsiz adamlar bizi idarə edəcək.