Muzeyləri gəzmək bizə nə verir? - ARAŞDIRMA

26 Yanvar 2023 13:28 (UTC+04:00)

Səyahətlər zamanı əsas əyləncələrdən biri muzeyə getməkdir. Muzeyləri ziyarət edib, onları kəşf etmək yaddaşımızda dərin iz buraxır.

İngiltərədə aparılan son araşdırmalar göstərir ki, insanlar maddi alış-verişdən çox yeni emosional təcrübələr üçün pul ödədikdə daha xoşbəxt olurlar.

Muzeyə getmək insanlara yeni təcrübə və digər mənəvi dəyərlər qazandıracaq. Muzeyə getmək həm də insanın həyatında əlamətdar məqama çevrilə və ictimai münasibətlərin yaxşılaşmasına töhfə verir. Bu gələcəkdə bizə müsbət təəssüratlar bəxş edəcək və özümüzü tanıma yoluna qədəm qoymağa imkan verəcək.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Heç şübhəsiz ki, muzeylərin əsas rolu insanları maarifləndirməkdir. Muzeyə gedəndə onun divarları arasında yatan tarixin bir parçasına çevrilirsən. Oranı ziyarət edən təkcə rəsmlərə baxmır, həm də bəşəriyyət tarixini öyrənir. Hətta muzey binasının özü də bir o qədər maarifləndirici və ruhlandırıcı tarixi eksponatdır.

İndi cəmiyyət muzeylərə getməyə əvvəlki qədər dəyər vermir. Kimi muzeylərdə darıxır, kimisi qədim sənət əsərlərinə maraq göstərmir, kimisə zorla ora getməyə məcbur olur. Burada birinci məqam, mədəni təhsildir. İkinci məqam isə rəsm əsərlərinin tarixini öyrənməklə yanaşı, incəsənətin inkişaf tarixini də öyrənməkdir.

Əgər tarixi öyrənməyi sevirsinizsə, o zaman muzeyləri ziyarət etməkdən mütləq həzz alacaqsınız, çünki orada sənətin necə inkişaf etdiyini, zaman-zaman necə deqradasiyaya uğradığını və yenidən zirvələrə çatdığını görə bilərsiniz.

İstənilən rəssam, yeni başlayan və ya peşəkar, muzeyə gələrək, öz rəsmlərini ustaların ən yaxşı şah əsərləri ilə müqayisə edə bilir.

İndi bir çox eksponatları İnternetdə görmək olur. Bəzi insanlar hesab edirlər ki, internet incəsənəti demokratikləşdirib və onu dəyərdən salıb. Hər bir texniki inqilab sənəti dəyişir, buna görə də hər hansı bir şəkli və ya heykəli canlı kimi çəkməyə imkan verən fotoşəkillərin, kameraların və ya reallığın sərhədlərini itələyərək tamaşaçıların özlərini dünyasına qərq etməyə imkan verən kinonun meydana çıxması ilə baş verib.

Son illər muzeylərin problemlərinin həlli istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılsa da, onların tam aradan qaldırılması üçün hələ çox işlər görülməlidir. Ölkəmizdə muzey işi əsasən "Muzeylər haqqında" qanun və "Azərbaycan Respublikasının dövlət muzeylərində saxlanan muzey əşyalarının uçotu və saxlanması üzrə Təlimatlar"la tənzimlənir. Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorundan qəzetimizə verilən məlumata görə, hazırda Azərbaycanda 190-dan çox muzey fəaliyyət göstərir. Onlardan 78-i tarix və tarix-diyarşünaslıq muzeyi, 89-u elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin ev muzeyi, 21-i incəsənət və ədəbiyyat muzeyi, 5-i hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləridir.

Təəssüf ki, bizdə yerli vətəndaşlar muzeylərimizdə eksponatları ancaq tədbirdən tədbirə, harasa dəvət alanda görür. Bəzi muzeylərimizdə müharibə veteranları, əlillər, müharibə iştirakçıları, şəhid ailələri, ibtidai sinif şagirdləri üçün güzəştli girişin tətbiq edilməsi də tamaşaçıların sayının ciddi şəkildə artmasına səbəb olmayıb. Luvr dünyanın ən çox ziyarət olunan muzeyidir. Hər il bu sənət məbədində saxlanılan eksponatlara 8,5 milyon tamaşaçı baxır.

PR üzrə mütəxəssis Təranə Xudabaxşıyeva: "Təəssüflər olsun ki, bu gün Azərbaycanda muzeylərə maraq istənilən səviyyədə deyil. Bunu görmək üçün ətrafımızda olan şəxslərə “Muzeylərə getmisən" və ya "Muzeylərə getmək istəyirsən” sualını vermək kifayətdir ki, əksəriyyətindən yox cavabı alaq. Onlardan muzeylərə getməmə səbəbini soruşanda isə “Orada nə var e” cavabını alırıq.

Əslində isə muzeylərdə hər kəsin görməli, geniş və dəyərli məlumatlar əldə edəcək çox eksponatlar vardır. Təəssüflər olsun ki, bir çox turistlərin maraqla izlədikləri halda muzeylərimiz yerli əhalidə bu marağı yarada bilmir.

Səbəb isə çox sadədir. Muzeylərimizin reklam və PR-ının aparılmamasıdır. Bu gün hər sahədə olduğu kimi, muzeylərin də PR-a ciddi ehtiyacı vardır. Məhz düzgün və yerində edilən PR strategiyası nəticəsində muzeylər yerli əhalini də cəlb edib yaxşı gəlir əldə edə bilərlər.

Düşünürəm ki, muzeylər peşəkar PR-çılar ilə işləməlidir. Bu zaman onlar daha çox turist və yerli əhalini cəlb edə bilərlər. Təbii ki, muzeylərin rəhbərləri muzeylərə ayrılan büdcədən PR və reklam büdcəsi ayıraraq düzgün təbliğat apatmaqla il ərzində daha çox bilet satışı edə bilərlər.

Muzeyi ziyarət etmək insanlara keçmişini, dəyərini anlamağa, tarixinin nə qədər zəngin olduğunu gözləri ilə görməyinə imkan yaradır. Bu, insanları mənən zənginləşdirir, özgüvən verir. Keçmiş ilə onları üzləşdirir. Bu da vətəndaşı vətənini sevməyə, onunla qürur hissi keçirməyə daha da sövq edir. Uşaqlarımızı isə daha da maarifləndirir. Onların tərbiyə almalarına, vətənə sadiq vətəndaş olmalarında mənəvi rol oynayır".

Havar Şəfiyeva