"Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan tarixində xüsusi bir rol oynayıb. Şəhərsalma mədəniyyətimizdən başlamış, mətbuatımıza qədər onun danılmaz xidmətləri olub. Hətta Azərbaycan Sovet dövlətinin lideri olan Nəriman Nərimanov da Hacı Zeynalabdin Tağıyevin köməyilə təhsil alıb. N.Nərimanov da ona zən minnətdarlığını bildirib, bəzən də müəyyən məsələlərdə öz etirazını bildirib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, zaman keçdikcə Tağıyevə qarşı nankorluq səviyyəsinə çata biləcək laqeydlik olub: "Amma həmin vaxtlar sinfi mübarizə olduğunu anlamaq lazımdır. Çünki sovet ideologiyası olan yerdə Hacı Zeynalabdin Tağıyevə bütün xidmətlərinə rəğmən hörmət ola bilməzdi. Müstəqillik illərində artıq Hacı Zeynalabdinə qarşı çox böyük ehtiram var. Tağıyev araşdırılır, gördüyü işlərin mexanizmləri öyrənilir. Hacı Zeynalabdin Tağıyev bizim üçün bir simvoldur. Onu tərifləməklə yanaşı tarixi xidmətlərini qeyd etmək, Azərbaycan xalqı üçün gördüyü bütün işlərin xəritəsini hazırlamağa ehtiyac var".
Deputat sözlərinə davam edərək bildirib ki, özünün yazı-pozu bilməməsinə baxmayaraq, bu xalqın savadlanmasında Tağıyev qədər xidməti olan ikinci bir adamı təsəvvür etmək çətindir: "İnsan nə qədər böyük mənəviyyata sahib ola, xalqının taleyi ilə birbaşa bağlı ola ki, bu qədər böyük maddiyyatdan keçə bilsin. Bu mənada Hacı Zeynalabdin Tağıyevi o dövrün milyonçularıyla müqayisə etmək də çətindir. Biz həmişə öz sinfi içərisində Tağıyevin liderliyinin şahidi olmuşuq. O cür böyük şəxsiyyətin tikdirdiyi binalar elə öz dövründə də, özündən sonra da xalqına xidmət edib. Bütün bunlara görə biz öz tarixi şəxsiyyətlərimizlə, yazıçılarımızla fəxr etdikdə onlardan heç də geri qalmayan Hacı Zeynalabdini də unutmamalıyıq".