Qarabağda Vardanyana qarşı müxalifət yaradılıb! ANALİTİK+AKTUAL

25 Yanvar 2023 15:38 (UTC+04:00)

“Hraparak”:Ermənistan iqtidarı onun anidən İrəvanda peyda olmaması və hakimiyyətə təhlükə yarada bilməməsi üçün əlindən gələni edir”

Ermənistanın kifayət qədər məlumatlara malik olan qəzeti – “Hraparak” yazır ki, Qarabağdakı cinayətkar rejimin “dövlət naziri” Ruben Vardanyana qarşı artıq bir neçə müxalifət ocaqları yaranıb. “Onların bir hissəsi Ermənistan respublikasının nəzarəti altında fəaliyyət göstərən tərəflərdir. Ermənistan hakimiyyəti Vardanyanın Qarabağda hər hansı minimal uğur qazanmasının qarşısını almağa çalışır. Ona görə də onun anidən İrəvanda peyda olmaması və Paşinyanın hakimiyyətinə təhlükə yarada bilməməsi üçün əlindən gələni edir”, deyə yazan erməni nəşri onu da bildirib ki, Ruben Vardanyan Nikol Paşinyanın İlham Əliyevlə əldə etdiyi razılaşmaların həyata keçirilməsinə də müxtəlif şəkillərdə mane olmağa çalışır və bu cəhdlər onun Qarabağda fərqli mövqe nümayiş etdirməsi ilə müşahidə olunmaqdadır.

İlham Əliyevin hansı sözü Ermənistan rəhbərliyini düşünməyə vadar edib?

Qəzetin iddialarından belə bir nəticə də hasil etmək mümkündür ki, artıq Ermənistanın hakim dairələri də qondarma rejimin son zamanlarını yaşadığına kifayət qədər əmindir və bunun müqabilində Vardanyanın hər hansı yolla olursa-olsun, İrəvana getməsi mümkün görünür. O cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə televiziyalarına verdiyi müsahibəsi zamanı separatçıların hələ də canlarını qurtarmağa imkanlarının olması, yaxud onların Rusiya sülhməramlılarına məxsus yük maşınlarının tentləri altında Azərbaycanın suveren ərazilərini tərk etmək şanslarının mövcudluğu barədə fikir bildirməsi də Ermənistan rəhbərliyini düşünməyə vadar edib. Onlar bu reallığı dərk edərək Vardanyanın İrəvana daxil olmasını hər vəchlə əngəlləməyə çalışırlar. Bu baxımdan, “Hraparak” Qarabağda anti-Vardanyan xarakterli müxalifətçi koalisiya ocaqlarının fəaliyyətə başlamasına eyham vurur.

Rasim Musabəyov:RSK qanunsuz istismara məruz qalan yataqlarda monitorinqin aparılmasının qarşısını alan Vardanyana və onun tərəfindən hazırlanmış dəstələrə qarşı tədbir görə bilməyibsə, onda azərbaycanlı ekofəalların etirazları ilə də barışmağa məhkumdur”

Bu arada, azərbaycanlı deputat və politoloq Rasim Musabəyovun da baş verənlərlə bağlı gəldiyi qənaətləri maraqdoğurucudur. O da əmindir ki, artıq rəsmi İrəvan Kremlin Ermənistanda hakimiyyət dəyişikliyi etmək planlarından xəbərdardır və bunu açıq şəkildə bəyan edir. Bu baxımdan, azərbaycanlı deputat daha bir məqama da toxunaraq bildirib ki, Xankəndi-Laçın yolu üzərində Rusiya sülhməramlıları kontingenti (RSK) ilə yanaşı Azərbaycanın da nəzarət-buraxılış məntəqəsinin olmasına başqa alternativ yoxdur. SİTAT: “Erməni KİV-ləri, siyasətçiləri və analitikləri, ermənipərəstliyə köklənmiş amerikalılar və avropalılar Moskvaya çağırış edirlər ki, o Laçın yolu üzərindəki nəzarəti tam əlinə götürsün. Ancaq etiraz aksiyası artıq ikinci aydır ki, davam edir və göründüyü kimi, RSK-dan gözlənilən “qətiyyətli” fəaliyyət yoxdur. Buna isə köklü səbəblər var. RSK məhdud fəaliyyətə malikdir. Birincisi, RSK nəzarət etdiyi ərazilərdə nəinki ermənilərin, həm də azərbaycanlıların təhlükəsizliyini təmin etməyə məsuldur. Əgər RSK qanunsuz istismara məruz qalan yataqlarda monitorinqin aparılmasının qarşısını alan Vardanyana və onun tərəfindən hazırlanmış dəstələrə qarşı tədbir görə bilməyibsə, onda azərbaycanlı ekofəalların etirazları ilə də barışmağa məhkumdur”.

Deputat: Vardanyanın müqaviməti sındırılacaq, onun özü isə tez bir zamanda hər hansı bəhanə altında Qarabağı tərk edəcək”

Musabəyova görə, RSK-nın ekofəallara qarşı silahdan istifadə etməsinə hüququ yoxdur və eyni zamanda, yolun onlardan təmizlənməsi gücünə də malik deyil. SİTAT: “Olayın baş verdiyi yerdən bir neçə yüz metr aralıda, Şuşa şəhərində Azərbaycan komandoları dislokasiya olunublar ki, onlar lazım olan anda azərbaycanlı ekofəalların köməyinə gələ və çox rahatlıqla gənc rus əsgərciklərini yerlərində otuzdura bilərlər”.

Deputat onu da bildirib ki, Ukraynada müharibə edən Rusiya isə heç bir halda Azərbaycanla birbaşa silahlı qarşıdurmaya getməz. RSK-nın nəzarət etdiyi ərazilərin perimetri boyunca Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üç iri korpusu yerləşib. Ona görə də Bakı ilə razılaşma əldə etməklə birgə və humanitar məqsədlər üçün istifadə ediləcək Laçın yolunun birgə nəzarət altına alınmasının alternativi yoxdur. “Düşünürəm ki, qeyri-rəsmi danışıqlar aparılır və Vardanyanın müqaviməti sındırılacaq, onun özü isə tez bir zamanda hər hansı bəhanə altında Qarabağı tərk edəcək”, deyə o mümkün versiyasını irəli sürüb.

Rövşən RƏSULOV