“Davos forumunda Azərbaycanın da bərabərhüquqlu şəkildə iştirak etməsi təbii ki, ölkəmizin beynəlxalq aləmdə müxtəlif təsir imkanları olan şirkət və dövlət rəhbərləri ilə görüşmək imkanı yaradıb”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin də iştirak etdiyi Davos forumu ilə bağlı öz fikirlərini bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti də bu imkanlardan istifadə edərək dünyanın bir çox aparıcı şirkətləri ilə dövlət başçıları və hökumət nümayəndələri ilə görüşlər keçirdi: “Bu görüşlərin nəticəsi olaraq ola bilər ki, həmin şirkətlərin nümayəndələri Azərbaycana gələrək ölkəmizə böyük sərmayələrin qoyuluşunda təsir göstərsinlər. Həmçinin bu proseslə Azərbaycana yeni texnologiyaların gətirilməsində ciddi imkan pəncərələri açır. Bu baxımdan belə platformalarda ölkənin imicinin müsbət formalaşmasına kömək etməklə yanaşı, dünya miqyasında ölkəyə olan inamı artır”.
Razi Nurullayev Davos forumunda dünyanın ən vacib problemlərinin və yalnız burada ölkədaxili məsələlər deyil, bütün dünyanın qlobal problemlərinin müzakirə olunduğunu qeyd edib: “Belə bir qlobal problemlərin müzakirəsində iştirakçı olan dövlətlər həm də dünya siyasətinə təsir etmək imkanına malik olurlar. Məhz bu səbəbdən bu platformada iştirak Azərbaycan üçün əhəmiyyətli hesab olunur. Bununla yanaşı, dünyanın nəzərinə çatdırmaq istədiyimiz mesajları da verə bilərik. Dünya mətbuatına müsahibələr vermək və orada ölkəmizi tanıdaraq, bir sıra məsələləri dünya ictimaiyyətinə çatdırmaq və s. bunların hamısı yerinə yetirildi. Mən Davos kimi platformalarda ölkəmizin inkişafını yüksək qiymətləndirirəm. Ümid edirəm ki, bu cür görüşlər ölkəmizin sosial-iqtisadi inkişafına ciddi töhfələr verəcək”.