"Yeni dəyişiklik biznes mühitinə müsbət təsir göstərəcək"

24 Yanvar 2023 23:07 (UTC+04:00)

Bu aydan etibarən borclu vergiödəyiciləri də bankda hesab aça biləcəklər. Belə ki, borclu vergiödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı. “Vergi Məcəlləsinə” edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

“Bu məhdudiyyətin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu dəyişiklik mütərəqqi addımdır”, - deyə V.Bayramov qeyd edib.